Paşinyan qalib gələrsə, Konstitusiyada kardinal dəyişikliklər gözlənilir -RƏY

Telman Nüsrətoğlu: "Xalq ya revanşist siyasətin, ölkənin xarici dairələrin əlində proksi güc və alət olmasını, yaxud əksinə, Paşinyanın sülh xəttini müdafiə edəcək"
 
Ermənistanda parlament seçkiləri referendum mahiyyəti daşıyır
“Ermənistan qarşıdakı günlərdə mürəkkəb siyasi və qütbləşmiş cəmiyyət modeli ilə üz-üzədir”
 "Ermənistan hökuməti 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT tribunasındakı çıxışında deyib. Baş nazir bildirib ki, demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha institusional və xalqpərəst etmək üçün yaxın gələcəkdə növbəti addımı atmaq niyyətindədir: "2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacağıq, bunun nəticəsində ölkədə hakimiyyətin bütün qolları və hüquq sistemi konstitusiyaya uyğun qurulacaq. Ermənistanın dövlətçiliyini davamlı və cəmiyyət mərkəzli edən xalqdır". Paşinyan Türkiyə-Ermənistan münasibətlərindən də danışıb və deyib ki, son illər Ermənistanla Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub: "Prezident Ərdoğanla görüşlərim müntəzəm xarakter daşıyır, davamlı olaraq artan etimad səviyyəsinə malikdir. Bu, mənim çox yüksək qiymətləndirdiyim və əmin olduğum bir nailiyyətdir ki, yaxın gələcəkdə müsbət nəticələr verəcək, yəni Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və dövlətlərarası sərhədlərin tam açılması".
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, əslində, Ermənistanda keçiriləcək parlament seçkiləri referendum mahiyyəti kəsb edən bir seçki olacaq. Alimin sözlərinə görə, xalq total mənada qərar verəcək və öz seçimini edəcək:
 "Ermənistan cəmiyyəti ya revanşist siyasətin, ölkənin xarici dairələrin əlində proksi güc və alət olmasını, yaxud əksinə, Paşinyanın xəttini müdafiə edərək, sülhdən yana siyasət izləyəcək. Təbii ki, əgər Paşinyan 2026-cı il seçkilərindən qalib çıxarsa, ardınca Konstitusiya dəyişikliyinə gedəcək. Bir sıra kardinal, tarixi, ideoloji, konseptual istiqamətlərdə dəyişikliklər qaçınılmaz olacaq. Ermənistan daxili və xarici siyasət paradiqmaları baxımından çətin seçim qarşısındadır. Bir tərəfdən Rusiyanın və onun ölkədəki əlaltılarının fəallaşması və tələbləri gündəmdədir. Paşinyan hökuməti bir tərəfdən ABŞ ilə "Tramp yolu"na dair anlaşma imzalayır, digər yandan Moskva ilə dialoqlar davam edir. Mən hələ İran amilini bir tərəfə qoyuram. Söhbət ondan gedir ki, Ermənistanda Paşinyanın siyasi vəziyyəti olduqca mürəkkəb və kövrəkdir. Qarşıdakı günlərdə çox radikal addımların atılması şərt olacaq. Paşinyan seçkilərdə qalib gəlməsini eyni zamanda bir etimad yenilənməsi olaraq təqdim edəcək".
T.Nüsrətoğlu vurğulayıb ki, Azərbaycanın əsas tələbi torpaq iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasıdır:
 "Müstəqillik Aktında Türkiyə əraziləri "Qərbi Ermənistan" olaraq təqdim olunur. Bunlar da dəyişməlidir. Paşinyanın Ağrı dağı ilə bağlı müsbət addımları göz önündədir, amma qondarma "soyqırımı" iddiaları da birdəfəlik aradan qalxmalıdır. Kriz dönəmlərinin zərurəti kimi yarıbaşqanlıq sisteminə də keçid edə bilərlər. Ermənistan daxilində mürəkkəb siyasi vəziyyət, qütbləşmiş cəmiyyət modeli Ermənistanı sabit gələcəyə aparmır. O mənada struktur dəyişikliyi və ölkənin idarə edilməsi ilə bağlı kritik qərarlar da referendumda Konstitusiya dəyişikliklərinə daxil edilə bilər. Bu da mümkündür və seçkidə qalib olacağı təqdirdə Paşinyanın yeni mərhələyə daxil olacağının anonsudur". 
Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə öz tələblərində tam haqlıdır:
 "Biz beynəlxalq tələbdən irəli gələn tələblər irəli sürürük. Ermənistan kimi kiçik və zəif bir ölkənin Cənubi Qafqazın aparıcı gücü olan Azərbaycan və dünya siyasətində çox ciddi mövqelərə sahib Türkiyə ilə düşmənçilik və nifrət siyasətini davam etdirməsi İrəvan üçün böyük kataklizmlər yaradacaq. Ermənistanı nəyəsə təhrik edən qüvvələr, dairələr də o zaman köməyə gələ bilməyəcəklər. Çünki həmin qüvvələrin özünün Azərbaycan və Türkiyə ilə ciddi əməkdaşlığa ehtiyacı var. Yəni bir tərəfdən Türkiyə ilə normal münasibətlər qurmaq istəyəcəklər, onminlərlə erməni Türkiyədə yaşayacaq, işləyəcək, digər yandan ölkəyə gələn yüksək çinli şəxslərə saxta "soyqırımı" abidəsini ziyarət etdirəcəklər. Halbuki, Paşinyanın özü deyirdi ki, qondarma "soyqırımı" məsələsi sovet Rusiyası tərəfindən Türkiyəyə qarşı istifadə olunub. Bu köklü yalanlardan və düşmənçilik ritorikasından qurtulmaq lazımdır. Görək, parlament seçkilərində erməni xalqının qərarı necə olacaq".