"Əgər əhalidən dəstək alsa və hakimiyyətdə qalsa, referendum keçirəcək. Yalnız bundam sonra yekun sülh müqaviləsi üçün yol açıla bilər”
Ermənistan və Azərbaycan arasında normallaşma prosesi yeni mərhələyə daxil olur. Son açıqlamalara görə, tərəflər artıq sərhədin delimitasiyası, hüquqi sənədlərin razılaşdırılması və ilkin sülh çərçivəsinin formalaşdırılması istiqamətində müəyyən irəliləyiş əldə ediblər. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, əldə olunan razılaşmaların davamı olaraq yaxın gələcəkdə iki ölkə arasında işgüzar əlaqələrin qurulması mümkündür. Onun sözlərinə görə, bu addım sülhün yalnız siyasi səviyyədə deyil, həm də iqtisadi və ictimai müstəvidə möhkəmlənməsinə xidmət edəcək. Rəsmi İrəvanın mövqeyinə əsasən, ticarət əlaqələrinin inkişafı, vətəndaş cəmiyyəti təmaslarının genişlənməsi və regional layihələrin icrası sülh prosesinin daha dayanıqlı xarakter almasına şərait yarada bilər.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan rəhbərliyi iqtisadi əlaqələrin gücləndirilməsi baxımından xeyli addımlar atıblar:
“Hətta Rusiyadan gələn taxıl Azərbaycan vasitəsiylə Ermənistana göndərilir. Belə addımlarla əlaqələr daha da normallaşacaq. Ümummiyətlə qonşuluq siyasəti iqtisadiyyat üçün çox önəmli amildir. Yəni Ermənistan hazırdırsa, buna Azərbaycan da hazırdır. Amma sual yaranır ki, Azərbaycan ictimaiyyəti erməni mallarının mağazalara gəlməsini qəbul edəcəkmi? Bunun üçün xeyli hazırlıq aparılmalıdır”.
Sabiq nazir Cənubi Qafqazda yeni əmkdaşlıq məsələlərinə də toxunub:
“Cənubi Qafqazla əlaqələri gücləndirmək baxımından Gürcüstanın iştirika maraqlı olmadığı “3+3” platforması yaradılmışdı. Amma Gürcüstan tərəfi həm Ermənistan, həm Türkiyə, həm də Azərbaycanla əlaqələrini saxlayır və iqtisadi əmakdaşlıq işləri aparır. İndi yeni Cənubi Qafqazda da bu çərçivədə işləri davam etdirmək lazımdır”.
Məmmədyarov qeyd edib ki, revanşistlər Ermənistanda hakimiyyətə gələrsə, Azərbaycan onlar tərəfindən səslənəcək bəyanatları diqqətlə izləməlidir:
“Amma düşünürəm ki, Paşinyan hakimiyyətdə qalacaq. Çünki Karapetyan pul paylaya-paylaya cəmi10-12 min adamı küçələrə toplaya bildi. Paşinyan isə 2018-ci ildə 100 minlərlə adam çıxarırdı küçələrə. İndiki vəziyyətdə də Ermənistan əhalisinin əksəriyyətinin “Qarabağ klanı”ndan bezdiyi müşahidə olunur. Onlar oliqarxları sevmirlər”.
E.Məmmədyarovun sözlərinə görə, yekun sülh müqaviləsi üçün Ermənistan Konstitusiyasi dəyişdirilməlidir:
“Paşinyan hələ Konstitusiyanın yeni mətnini çapa verməyib. Yəqin seçkilərin başa çatmasını gözləyir. Əgər əhalidən dəstək alsa və hakimiyyətdə qalsa, referendum keçirəcək. Yalnız bundam sonra yekun sülh müqaviləsi üçün yol açıla bilər”.