Paşinyan: Sülh sazişindən sonra sahəvi əməkdaşlığa dair sənədlər imzalanmalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycanla ikitərəfli münasibətlərin qurulması üzrə işlər sülh sazişinin imzalanması ilə başa çatmayacaq - ölkələr sahəvi əməkdaşlığa dair sənədlər imzalamalıdır.

"Report" xəbər verir ki, o bu barədə İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı (Aİ) sammitinin yekunları üzrə Aİ Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə birgə bəyanatla çıxış edərkən bildirib.

"Sülh sazişinin imzalanması və ratifikasiyası işin başa çatması demək deyil. Əksinə, artıq saziş layihəsinin mətnindən aydın olur ki, onun imzalanmasından sonra yeni razılaşmaların, o cümlədən sahəvi əməkdaşlıqla bağlı müqavilələrin bağlanması tələb olunacaq. Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün hər hansı ayrıca saziş olmadan əməkdaşlıq edirik. Əlbəttə ki, yolları bir-birimiz üçün tam açmağımız, o cümlədən Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur", - o bildirib.

N.Paşinyan qeyd edib ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı baxımından vacibdir.