Paşinyan üçün ən real təhlükə Karapetyan və onun dəstəkçisi Kilsədir -ŞƏRH

Paşinyan ilk növbədə bu gücləri sıradan çıxarmalı, Karapetyanın seçkidə iştirakına imkan verməməlidir
“Ermənistanda seçkilər regionun sabitliyi üçün həlledici olacaq”
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan baş nazirə etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış edən müxalifət üzvlərinə müraciət edib. O təklif edib ki, sabiq Prezidentlər Robert Köçəryan və Serj Sərkisyan korrupsiya sisteminin qurucuları və eləcə də seçki saxtakarları kimi siyasətdən getdiklərini bəyan etsinlər: "Həmçinin təklif edirəm ki, "Daşnaksütyun" özünü ləğv etsin". Bundan başqa bir neçə deputat da "Daşnaksütyun"un ləğvinin tərəfdarı olduğunu, bu qurumu terror təşkilatı saydıqlarını etiraf ediblər. Xatırladaq ki, Ermənistanda "Daşnaksütyun" Partiyasının üzvlərinin evlərində axtarışlar aparılıb və hamısı Ermənistanın İstintaq İdarəsinə aparılıb. 
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, "Daşnaksütyun" Partiyasının terrorçu təşkilat olması faktının etirafı mühüm addımdır. Ekspert bildirib ki, əsas məsələ Paşinyanın hökumətinin bu terrorçu təşkilatı sıradan çıxarmağa gücünün çatıb-çatmayacağıdır:
 "Əslində, terrorçuluq fəaliyyətini Köçəryan və Sərkisyanın rəhbərlik etdiyi partiyalar barədə də demək olar. Ən azından həmin partiyaların liderləri siyasətdən birdəfəlik uzaqlaşdırılmalıdır. Ən böyük təhlükə Rusiyanın qarşıdan gələn parlament seçkilərində əsas dəstəklədiyi S.Karapetyan qruplaşması olacaq. Karapetyanın dəstəkçisi həm də Kilsədir. Paşinyan faktlarla erməni dini liderlərinin nə qədər mənəviyyatsız olduğunu göstərsə də, bunun cəmiyyətə təsiri yoxdur. Görünür, erməni cəmiyyəti də mənəviyyatsızlığı norma hesab edir. Ermənistanda din xadimlərinin mənəvi pozğunluğu, korrupsiyaya bulaşması adi hal sayılır. Hazırda Paşinyan hökuməti üçün ən real təhlükə Karapetyan və onun dəstəkçisi Kilsədir. Paşinyan ilk növbədə bu gücləri sıradan çıxarmalı, Karapetyanın seçkidə iştirakına imkan verməməlidir. Sadəcə, Ermənistanın öz gələcəyi üçün deyil, bütövlükdə regionun sabitliyi üçün qarşıdan gələn parlament seçkilərinin nəticəsi çox əhəmiyyətlidir. Rusiya və Qərbdəki erməni diasporunun Karapetyana verdiyi dəstəkdən iki-üç dəfə daha çox ABŞ, Avropa, Türkiyə və Azərbaycan Paşinyan hökumətinə dəstək verməlidir. Terrorçu quldurların güclənməsinə imkan vermək olmaz".