Politoloq: “Gürcü Arzusu” seçkilərdə qalib gələcək

Gürcüstanda “məxməri inqilab” dövrü başa çatıb
“Saakaşviliyə reaksiya göstərməyənlər partiyasının bağlanmasına da səs çıxarmayacaq”
Oktyabr ayında Gürcüstan hakimiyyəti ölkənin Konstitusiya Məhkəməsinə sabiq Prezident Mixail Saakaşvili tərəfindən təsis edilmiş müxalifət partiyası olan Vahid Milli Hərəkatın qadağan olunması tələbi ilə iddia qaldırmağı planlaşdırır. Bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. O bildirib ki, Kollektiv Milli Hərəkatı təşkil edən bütün partiyaları konstitusiyaya zidd elan etmək üçün müvafiq iddia qaldıracağıq. Baş nazir bu prosesi demokratik adlandırıb. Qeyd edək ki, Gürcüstanda yerli seçkilər oktyabrın 4-də keçiriləcək. Seçicilər növbəti dörd il üçün Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər. 
Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, atılacaq addımlardan da görünür ki, seçkilərdə hakim "Gürcü Arzusu" Partiyası qalib gələcək. Ekspert vurğulayıb ki, indiki hökumət Qərb-Rusiya arasında balanslı siyasətə üstünlük verir və yenidən seçiləcəyi təqdirdə eyni siyasəti davam etdirəcəyi şübhəsizdir:
 "2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra gürcülərin gözü bərk qorxub. Gürcü xalqı yenidən həmin qorxuları yaşamaq istəmir. Xüsusən, Rusiyanın indiki gözüdönmüş vəziyyətində Gürcüstan bu ölkə ilə yenidən qarşıdurma istəməz. Gürcüstanın da arxasında Türkiyə kimi güclü bir ölkə olsaydı, qarşıdurmanı gözə alardılar. Seçki öncəsi, seçki günü, hətta ondan sonra müəyyən etirazlar, mitinqlər, qarışıqlıq ola bilər. Gürcüstan ictimaiyyəti artıq bunlara öyrənib. Ancaq düşünmürəm ki, Gürcüstanda bundan sonra hansısa "məxməri inqilab" olsun. Saakaşvili dönəmi artıq qapanıb. Həbsinə reaksiya etməyənlər partiyasının bağlanmasına da səs çıxartmayacaq. Müxalifət də güclü deyil. Ona görə də qonşu Gürcüstanda ciddi dəyişiklik gözləmirəm".