Ermənistan Aİ Xarici İşlər Şurasının yeni mülki missiyasının ölkədə yerləşdirilməsi qərarını alqışlayır. Missiyanın məqsədi Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsini dəstəkləmək, dezinformasiya, kiberhücumlar və qanunsuz maliyyə axınları ilə mübarizə səyləri də daxil olmaqla hibrid təhdidlərin aradan qaldırılmasıdır.
Teleqraf "news.am"a istinadən xəbər verir ki, missiya ilkin olaraq iki il müddətinə yerləşdiriləcək və öz fəaliyyəti ilə yuxarıda qeyd olunan sahələrdə institusional potensialın inkişafına, Ermənistan cəmiyyətinin mövcud çətinliklərə qarşı dayanıqlığının artırılmasına töhfə verəcək.
Ermənistanın müraciəti əsasında qəbul edilən mülki missiyanın yerləşdirilməsi qərarı 5 mayda keçiriləcək ilk Ermənistan - Avropa Birliyi tərəfdaşlığının strateji gündəliyindən irəli gələn növbəti birgə təşəbbüslərdən biridir.