"Əgər Rusiya seçkilərdə Paşinyanı məğlub edərsə və revanşistlərdən biri hakimiyyətə gələrsə, bunun region üçün nə demək olduğunu hər kəs bilir"
Regionda geosiyasi dinamika fonunda Ermənistan–Rusiya münasibətləri yenidən diqqət mərkəzinə çıxıb. Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Prezidenti Vladimir Putin arasında Moskva şəhərində keçirilən son görüşdən sonra verilən açıqlamalar iki ölkə arasında dialoqun yeni mərhələyə daxil olduğunu göstərir. Paşinyan münasibətləri “konstruktiv transformasiya” kimi xarakterizə edərək, rəsmi İrəvanın Moskva ilə əməkdaşlıq xəttini qorumaqda maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında açıq və dostca dialoqun davam etməsi prioritet olaraq qalır və mövcud şəraitdə danışıqlar imkanlarının geniş olması münasibətlərin inkişafına şərait yaradır. Baş nazirin “Rusiyanın arxasında və ya Rusiyaya qarşı iş görməyəcəyik” bəyanatı isə Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütmək niyyətini nümayiş etdirir. Bu açıqlamalar həm regionda güc balansı, həm də İrəvanın Moskva ilə münasibətlərində yeni yanaşmanın formalaşması baxımından diqqətlə izlənilir.
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Rusiya ilə Ermənistan arasında soyuqluq davam edir:
“Əslində, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri fonunda bunu görmək olar. Putin qarşısında daha qətiyyətli, daha açıq fikirli bir Paşinyan var idi və bu da yəqin ki, dəyişən şərtlər və reallıqlarla əlaqədardır. Reallıq isə ondan ibarətdir ki, Ermənistan qərbə inteqrasiya prosesini davam etdirir. Paralel olaraq, Türkiyə ilə münasibətləri normallaşdırır. Həmçinin Azərbaycanla konstruktiv, soyuqqanlı danışıqları davam etdirir. Hətta təsadüf deyil ki, iki ölkə rəhbərlərinin müxtəlif beynəlxalq platformalarda və tədbirlərdə bir araya gələrkən sərgilədiyi mövqe danışıqların uğurla davam etdiyini göstərir.”
Ekspert əlavə edib ki, Nikol Paşinyan daxili siyasətdə də olduqca aktivdir:
“Məsələn, ölkə daxilində istər siyasi müxalifətin içində, istərsə də Ermənistan orqanları daxilindəki 5-ci kolon nümayəndələrini ciddi şəkildə təmizləyib və ya onları sıxışdırır. Bundan başqa, Ermənistanda hər zaman dövlətdən üstün olan Erməni Qriqoryan kilsəsinin də səlahiyyətlərini azaldır. İkinci Qaragenlə aparılan mübarizə fonunda kilisə artıq dövlətə tabe olmaq yolunu tutub. Mənə elə gəlir ki, Paşinyanın Rusiyaya ünvanladığı bu ifadə konstruktiv transformasiyanı, yəni dəyişiklikləri nəzərdə tutur. Konstruktiv dəyişiklik əslində Rusiyadan Avropaya doğru marağın dəyişməsindən xəbər verir. Bu gün isə Rusiyayla müəyyən balansı qoruyub Qərbə inteqrasiya edən bir Ermənistan mövcuddur. Paşinyanın yanaşması da bundan irəli gəlir.”
Analitik bildirir ki, görüşün təsiri qarşıdan gələn parlament sessiyalarında özünü göstərəcək:
“Artıq Rusiyanın müxalifləri Nikol Paşinyanın qarşısında birləşməyə çalışır. Vahid namizəd kimi Robert Köçəryan faktoru, ona dəstək verən və Rusiyayla yaxın münasibətlərə malik milyarder Samuel Karapetyan, ikinci Qaragen faktoru, həmçinin diasporada anti-Paşinyan mövqeli şəxslər diqqət çəkir. Yəni bunların böyük ehtimalla birləşməsi və Rusiyanın dəstəyi ilə seçkilərdə Paşinyanın qarşısında ciddi bir müxalif blok çıxması ehtimalı var. Əsas regional dəyişiklik bundan asılıdır. Əgər Rusiya seçkilərdə Paşinyanı məğlub edərsə və revanşistlərdən biri hakimiyyətə gələrsə, bunun region üçün nə demək olduğunu hər kəs bilir. Yəni ən azından proseslərin yenidən gərginləşmə ehtimalları müzakirə oluna bilər. Amma Paşinyan qələbə qazansa, Rusiya tərəfi seçkilərin legitimliyini şübhə altına almaq üçün tərəfdarları və dəstəklədiyi qüvvələrin Paşinyana qarşı çıxmasına çalışacaq. Hər halda, Rusiya tərəfi aktivliyini nümayiş etdirəcək və Paşinyana qarşı çətin anlar yaradacaq. Ermənistanın Rusiyaya qarşı mövqeyi və Qərbə inteqrasiya yolu Paşinyan üçün prioritetdir. Rusiyanın faktoru olmadan danışıqlar prosesi davam edir. Yəni Amerikanın qarantorluğu Paşinyan və Ermənistan üçün daha çox üstünlük təşkil edir. Bu məsələdə dəyişikliklər hiss olunur.”