“Azərbaycan Qarabağla bağlı danışıqlar zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa tərəfindən irəli sürülmüş bütün təklifləri rədd edib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Nikol Paşinyan hökumətinin Qarabağ üzrə danışıqlara dair açıqladığı sənədləri şərh edərkən deyib.
“Demək olar ki, Azərbaycan həmsədr ölkələrin bütün təklif və təşəbbüslərini rədd edib”, - o bildirib.
Serj Sərkisyan bunun izahını elə özü verib, o, etiraf edib ki, həmin təklif və təşəbbüslər Ermənistanın maraqlarına uyğun olub: “Demək olar ki, Ermənistan və ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeləri üst-üstə düşürdü ki, bu da dəfələrlə ictimaiyyətə açıqlanıb”.
Ermənistanın sabiq prezidenti əlavə edib ki, Azərbaycan həmsədrlər və Ermənistan tərəfindən razılaşdırılmış mətnlərdən imtina edərək, onlarda müvafiq düzəlişlər edib.
Kimsəyə sirr deyil ki, Azərbaycan bütün münaqişə boyu davam edən danışıqlar prosesində ölkəmizin ərazi bütövlüyü və suverenliyi əleyhinə yönəlmiş heç bir təkliflə razılaşmayıb. Bütün bu təkliflər Bakıda status adı altında Azərbaycan ərazisində gələcəkdə partladılmaq üçün hazırlanmış mina kimi qiymətləndirilib və haqlı olaraq heç vaxt da qəbul görməyib. Prinsipial və dəyişməz mövqe sonda haqqımız olanı geri almağa zəmin yaratdı. Artıq münaqişə keçmişdə qalıb, Azərbaycan bütün ərazilərində bütövlük və suverenliyini bərpa edib. Münaqişənin həlsiz qalmasının əsas təşəbbüskalarından olan ATƏT-in Minsk qrupu ləğv edilib, işğalçı Ermənistan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edilib.
Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb. Sənədlər bunları əhatə edir: ATƏT-in Minsk qrupunun tövsiyələri (2019), Ermənistan Baş nazirliyinə namizəd Serj Sərkisyanın parlamentdə bəyanatları, Krakov sənədləri, Serj Sərkisyanın Vladimir Putinə məktubu, ATƏT-in Minsk qrupunun 2016-cı il üçün təklifləri, Rusiyanın təklif etdiyi paket, Kazan sənədləri, Madrid Prinsipləri, Mehri və Qarabağın mübadiləsi variantı, ATƏT-in Minsk qrupunun əhatəli tövsiyələri, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı, Budapeşt Zirvə Bəyannaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri.