“Ermənistan parlamentinin İstanbul səfəri Cənubi Qafqazda geosiyasi balansı dəyişə bilər”
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün 16–19 aprel tarixlərində İstanbula səfər edəcək.
Bu barədə parlament sədrinin müvafiq sərəncamı imzalanıb.
Nümayəndə heyətinin tərkibinə parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sərkis Xandanyan, Maliyyə, Kredit və Büdcə Məsələləri Komitəsinin sədri Tsovinar Vardanyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Asmik Akopyan daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti Parlamentlərarası İttifaqın tədbirlərində iştirak edəcək.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Alen Simonyanın İstanbula edəcəyi səfər təkcə texniki iştirak deyil, həm də Cənubi Qafqazın 30 illik dondurulmuş problemlərinin həllinə doğru gedən prosesin kritik mərhələsi kimi qiymətləndirilə bilər:
“İndiyə qədər Türkiyə ilə Ermənistan arasındakı proses əsasən xüsusi nümayəndələr (Serdar Kılıç və Ruben Rubinyan) və xarici işlər nazirləri səviyyəsində aparılırdı. Simonyanın səfəri isə prosesin artıq yalnız hökumətlərarası dialoqdan çıxaraq institusional və parlament səviyyəsində legitimlik qazandığını göstərir. Nümayəndə heyətində Xarici əlaqələr və Maliyyə komitələrinin sədrlərinin yer alması səfərin sadəcə protokol xarakteri daşımadığını, həm də iqtisadi inteqrasiya və hüquqi infrastrukturun, xüsusilə sərhədlərin açılması ilə bağlı texniki hazırlıqların müzakirəsinə yönəldiyini göstərir”.
H.Oktay əlavə edib ki, 2026-cı ilin əvvəlindən Türkiyə-Ermənistan sərhədinin diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün açılması planları bu səfəri daha da əhəmiyyətli edir:
“11 mart 2026-da başlayan THY İstanbul-İrəvan uçuşları artıq xalqlar arasındakı fiziki məsafəni azaldıb. Simonyanın bu uçuşlardan biri ilə gəlməsi simvolik “normallaşma təsdiqi” kimi qiymətləndirilə bilər. Heyətdəki büdcə və maliyyə üzrə mütəxəssislər Ermənistanın “Sülh qovşağı” layihəsini türk tərəfdaşlarına təqdim etmək və sərhəd ticarətinin vergiləndirmə və gömrük infrastrukturu barədə müzakirələr aparmaq üçün bu səfərdən istifadə edə bilərlər”.
Politoloq qeyd edib ki, bu səfər bölgədə geosiyasi balansın dəyişməsinə səbəb ola biləcək addım kimi qiymətləndirilir:
“Türkiyə normallaşma prosesini hər zaman Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi ilə paralel şəkildə aparıb. Simonyanın İstanbul səfəri Bakı ilə İrəvan arasında yekun sülh sənədinin imzalanmasının yaxınlaşdığına dair güclü siqnal kimi görünə bilər. Ermənistanın Qərblə inteqrasiya axtarışında Türkiyə mühüm qapı rolunu oynayır. Bu addım həm də İrəvanın xarici siyasətini şaxələndirmək və Rusiyadan asılılığı balanslaşdırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Əgər bu səfər çərçivəsində TBMM sədri ilə rəsmi görüş baş tutarsa, bu, 1993-cü ildən bəri kəsilmiş diplomatik münasibətlərin bərpasına doğru ən böyük addım ola bilər. Bütün bu gözləntilərin reallaşması üçün Türkiyə-Ermənistan-Azərbaycan arasında ön şərtsiz və davamlı sülh sazişinin imzalanması vacibdir. Xüsusilə İrana qarşı ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlar fonunda yaranan gərgin regional mühitdə belə bir sülhə təcili ehtiyac duyulur”.