Turan Rzayev: “Dəmir yolu diversifikasiyası Ermənistan üçün texniki və diplomatik risklər yaradır”
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik siqnalları ortaya çıxıb. Ermənistan hakimiyyətinin ölkənin dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək niyyəti Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu addımı “düşünülməmiş qərar” adlandıraraq, uzun illər formalaşmış sistemin bir gecədə çökə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə strateji dəyişikliklərin nəticəsi ilk növbədə sıravi Ermənistan vətəndaşları üçün ağır ola bilər.
Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun xəbərdarlığı gözlənilən olduğunu bildirib:
“Ermənistan hakimiyyətinin ölkənin dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək niyyəti hər kəsə məlumdur. Aydın məsələdir ki, Rusiya uzun illər ərzində formalaşmış sistemin bir gecədə sıradan çıxmasına səssiz qalmayacaq. Digər tərəfdən Ermənistanın ABŞ və Avropa ilə əlaqələrini gücləndirməsi, xüsusilə Tramp yolunu və ətraf əraziləri 99 illik icarəyə verməsi Moskvanı ciddi narahat edir”.
Ekspert qeyd edib ki, prosesin qısa müddətdə baş verəcəyini düşünmür:
“Rusiya dəmir yollarının uzun illər ərzində qurulmuş infrastrukturu digər ölkə və şirkətlər tərəfindən dərhal əvəz edilə bilməz. Bu baxımdan, qərar texniki və iqtisadi cəhətdən ciddi risklər yaradır. Digər yandan ölkənin nəqliyyat təhlükəsizliyinə, həmçinin xarici ticarət əlaqələrinə də mənfi təsir göstərə bilər. Eyni zamanda, bu addım Rusiya ilə münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər. Hətta Moskva tərəfindən sərt reaksiyalar diplomatik və iqtisadi təzyiqlərə yol açar. Ermənistan isə ya diversifikasiyanı davam etdirərək müstəqilliyini gücləndirməli, ya da kompromis yolları axtarmalı olacaq. Hesab edirəm ki, Ermənistan bu prosesi mərhələli şəkildə həyata keçirəcək. Beləliklə Rusiyanın ehtimal olunan təzyiqlərini minimuma endirə bilər. Digər tərəfdən, Tramp yolu məsələsi Ankara və Bakı üçün də gündəmdədir. İrəvan da buna arxayın görünür”.