Srbuhi Qalyan: Müstəqillik Bəyannaməsində mübahisəli məqamlar var

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsi haqqında danışıb.

Teleqraf xəbər verir ki, nazir bunun “tarixi fakt” olduğunu bildirib.

“Bu, keçmişə deyil, gələcəyə yönəlmiş sənəddir. Tarixi sənəd olmasına baxmayaraq və onun normativ qüvvəsi ilə bağlı hüquqi mübahisə mövcud olsa da, bəyannamə Konstitusiyanın əsasını təşkil edən bir sıra fundamental prinsipləri ehtiva edir. Bu prinsiplərə əsaslanaraq, gələcək nəsillərə sakit və təhlükəsiz dövlət təhvil vermək missiyası ilə Konstitusiya gələcəyə baxmalı və dövlətin davamlılığını əks etdirməlidir. Konstitusiya məhz bu əsas ideyaları vurğulamalıdır”, - Qalyan vurğulayıb.

Ədliyyə naziri mətnin dəyişməz qalmayacağını, əksinə vətəndaşlar və mütəxəssislərdən təkliflər alındıqda müəyyən dəyişikliklərə məruz qala biləcək layihə olacağını söyləyib. Sabuhi Qalyan əlavə edib ki, Konstitusiyanı qəbul edib-etməmək barədə xalq qərar verəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu açıqlayıb.

Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.