"Hətta ermənilər Bakıda yaşayarkən mehriban qonşularım, yoldaşlarım olub”
Ararat Mirzoyan Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını bəyan edib. Ermənistan XİN rəhbərinin sözlərinə görə, əldə olunan razılaşmalar Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və regional əməkdaşlığın genişlənməsi üçün real zəmin formalaşdırıb.
Politoloq Zərdüşt Əlizadə Sherg.az söyləyib ki, Vaşinqtonda keçirilən görüşlərdən sonra Rusiyanın təsir və təqibinə zəmanət verən Trampın himayəsi ilə Azərbaycan və Ermənistan sülhə doğru hərəkət etməyə başlayıblar:
“Ermənistan da müəyyən öhdəliklər çərçivəsində, qarşılıqlı etimadı bərpa edəcək addımlar atmalıdır ki, iki tərəf arasında indiyədək problem yaradan məqamlar aradan qaldırılsın. Bundan sonra isə sülh müqaviləsinin imzalanması mümkündür. Ola bilsin ki, keçid mərhələsindən əvvəl Türkiyə ilə Ermənistan arasında da əlaqələr də bərpa olunsun. Artıq hava nəqliyyatı və qarşılıqlı uçuşlarla bağlı məsələlər razılaşdırılıb. Görünür ki, Cənubi Qafqazda sülh üçün real və əlverişli imkanlar yaranır. Bundan istifadə etmək üçün isə tərəflərdən həm siyasi iradə, həm də qətiyyət tələb olunur. İnşallah, indiyədək yarımçıq qalan məsələlər də həllini tapar. Azərbaycan rəhbərliyi ilə Ermənistan arasında münaqişənin təkrar qızışdırılması ehtimalı sıfıra bərabərdir”.
Zərdüşt Əlizadə vurğulayıb ki, sülh olacağı təqdirdə erməni dostu Georgi Vanyanın qəbrini ziyarət etmək, gül qoymaq istəyir:
“Ermənistanda onun qardaşı Zöhrabla görüşmək, ailəsi ilə tanış olmaq istərdim. Həmçinin orada bir neçə yaxın əməkdaş, yoldaş, tərəfdaş saydığım insanlar var və onlarla da görüşmək istəyirəm. Mən Ermənistanda həm sovet dövründə, həm də münaqişə illərində olmuşam. Hətta ermənilər Bakıda yaşayarkən mehriban qonşularım, yoldaşlarım olub”.