“İqtisadi əməkdaşlıq sülhə baxışı dəyişir, insanlar faydanı hiss etdikcə münasibət yumşalır”
Azərbaycan və Ermənistan arasında son dövrlərdə müşahidə olunan diplomatik təmaslar regional siyasi dinamikanın yumşalması fonunda diqqət çəkən məqam kimi qiymətləndirilir. Xüsusilə parlament səviyyəsində baş tutan və planlaşdırılan görüşlər iki ölkə arasında etimad mühitinin formalaşdırılması baxımından əhəmiyyətli addımlar kimi dəyərləndirilir.
Bu kontekstdə Ermənistan parlamentinin sədri Alen Simonyanın İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş planı və eyni zamanda Gürcüstan parlament rəhbəri ilə nəzərdə tutulan təmaslar regionda çoxtərəfli parlament diplomatiyasının genişləndiyini göstərir.
Eyni zamanda, Qəbələdə keçirilmiş Azərbaycan və Etmənistan vətəndaş cəmiyyəti nümayəndələti arasındakı görüşlər də bu prosesin davamlı xarakter aldığını və tərəflər arasında institusional dialoqun formalaşmağa başladığını ortaya qoyur.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a söyləyib ki, Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin - yəni vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri və görüşləri zaman-zaman keçirilir:
“Bu proseslər əsasən etimad mühitinin formalaşdırılmasına xidmət edir. Təcrübə göstərir ki, dayanıqlı sülhə nail olmaq üçün cəmiyyətlər arasında münasibətlərin qurulması mühüm şərtdir. Vətəndaş cəmiyyəti nümayəndələri birbaşa cəmiyyətin müxtəlif təbəqələrini təmsil etdikləri üçün onların iştirakı ilə keçirilən görüşlər xalqlar arasında etimadın yaranmasına real töhfə verir. Bu, qarşılıqlı anlaşmanın dərinləşməsi baxımından vacib amildir. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa və ya siyasi səviyyədə mühüm addımlar atılsa belə, paralel olaraq cəmiyyətlər arasında etimadın formalaşdırılması zəruridir. Bəzən siyasi iradə sülhü təmin etsə də, xalqlar arasında bu sülhün qəbul olunmaması onun davamlılığına risk yaradır. Məhz buna görə etimad quruculuğu sülhün uzunmüddətli təminatı baxımından əsas istiqamətlərdən biridir”.
Analitik qeyd edib ki, son dövrlərdə keçirilən görüşlər, o cümlədən parlamentlərarası təmaslar və müxtəlif platformalarda aparılan dialoqlar bu istiqamətdə atılan addımlar kimi qiymətləndirilə bilər:
“Eyni zamanda, iqtisadi və ticarət əlaqələrinin qurulması da etimad mühitinin güclənməsinə müsbət təsir göstərir. İnsanlar gündəlik həyatlarında bu əməkdaşlığın faydalarını hiss etdikcə, sülhə münasibət daha pozitiv istiqamətdə dəyişir. Məsələn, enerji və yanacaq sahəsində mümkün əməkdaşlıq Ermənistan cəmiyyətində iqtisadi baxımdan müsbət nəticələr doğura bilər ki, bu da sülhün praktik faydalarının görünməsinə səbəb olur.Ümumilikdə, bu cür təmasların daha da intensivləşəcəyi gözlənilir. Nəticə etibarilə, yekun sülh sazişinin imzalanmasına qədər və ondan sonra da etimad quruculuğu istiqamətində addımların davam etdirilməsi əsas prioritetlərdən biri olaraq qalacaq”.