Ufuk Necat Taşçı: “ABŞ artıq Rusiyanın "arxa bağçasında" daha görünən aktora çevrilir”

“Türkiyə və Azərbaycan yaranan riskləri fürsətə çevirə bilər”

“ABŞ-Ermənistan yaxınlaşması Cənubi Qafqazda yeni geosiyasi mərhələdir”

ABŞ və Ermənistan arasında imzalanan son saziş Cənubi Qafqazda geosiyasi balansın yenidən formalaşdığını göstərən mühüm hadisələrdən biri hesab olunur. Ermənistanın ABŞ və ümumilikdə Qərb bloku ilə yaxınlaşması regionda yeni siyasi və təhlükəsizlik reallıqları yaradıb. Vaşinqtonun Ermənistan üzərindən bölgədə təsir imkanlarını artırmağa çalışdığı bir dövrdə imzalanan saziş həm Rusiya və İran üçün ciddi mesaj hesab olunur, həm də ABŞ-Çin rəqabəti, enerji və nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət daşıyır.

Beynəlxalq Münasibətlər və Siyasət üzrə mütəxəssis Dr.Ufuk Necat Taşçı Sherg.az-a Ermənistan-ABŞ münasibətlərində danışıb:

"ABŞ və Ermənistan arasında imzalanan son sazişi bir çox müxtəlif proseslərin nəticəsi kimi qiymətləndirmək lazımdır. Xüsusilə bunu qeyd edim ki, İkinci Qarabağ müharibəsi Rusiya-Ermənistan münasibətləri baxımından dönüş nöqtəsidir. Ermənistanın Rusiyaya güvənərək Azərbaycana qarşı müharibəyə girməsinin bədəli İrəvan üçün çox ağır oldu. İki ölkə arasında etimad böhranının pik həddə çatdığı həmin gündən bu günə qədər baş verən hadisələrə baxdıqda, artıq Ermənistanın ABŞ timsalında Qərb bloku ilə yaxınlaşma prosesinin davam etdiyini görürük. Əlbəttə, bunda Rusiyanın da payı var. Həm Ermənistan, həm də Azərbaycan üçün son illərdə daha böyük təhdidə çevrilən Rusiya bu proses ərzində strateji korluq yaşayıb. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişindən sonra imzalanan son anlaşmanın maddələrinə baxdıqda bunun izlərini açıq şəkildə görmək mümkündür. Xüsusilə strateji tərəfdaşlıq, hərbi əməkdaşlıq kimi məsələlərdə ABŞ və Ermənistan arasında qurulacaq əməkdaşlıq bunun əksidir".

 Analitik bildirib ki, Cənubi Qafqazda ABŞ-nin Ermənistanla əməkdaşlıq üzərindən Rusiyanı çevrələdiyi, İranla gərginliyin yüksək olduğu bu günlərdə bölgəyə yenidən nüfuz etməyə başlayıb:

"ABŞ-nin Çinlə mümkün gərginlik ssenarisində kritik minerallar və nadir torpaq elementləri baxımından Ermənistanı alternativ kimi müəyyən etdiyi görünür.Hətta TRIPP çərçivəsində yaradılacaq şirkətin səhmlərinin 74 faizinin ABŞ-yə məxsus olacağı deyilir. Sazişdə Ermənistanın ərazi bütövlüyünün qorunacağının vurğulanması və yaradılacaq şirkətin ilkin mərhələdə 49 illik fəaliyyət müddətinin nəzərdə tutulması ABŞ-nin Cənubi Qafqazda Ermənistan üzərindən uzun illər mövcud olmaq istədiyini göstərir. Dolayısıyla bu saziş həm Rusiyaya qarşı rıçaq ola biləcək, həm bölgədə ABŞ-nin söz sahibi olmasını və yeni ticarət marşrutlarında rol oynamasını təmin edəcək. Eyni zamanda ABŞ-Çin rəqabətində Vaşinqton üçün kritik minerallar və nadir torpaq elementləri məsələsində alternativ yaratmaq anlamına gələcək. Belə genişmiqyaslı əməkdaşlıq Ermənistanın artıq xarici siyasətdə diversifikasiya axtarışından daha çox, ABŞ ilə gözləniləndən də irəli gedən bir yaxınlaşma prosesinə daxil olduğunu və bunu uzun illər davam etdirmək istədiyini göstərir".

Ekspertin sözlərinə görə ən ironik məqamlardan biri də İranla bağlıdır:

"İran illər boyu Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışaraq Azərbaycan və Türkiyəyə qarşı Ermənistanla yaxınlaşdı. Tehran üçün Ermənistan sərhədində yerləşən Sünik bölgəsi sadəcə qonşuluq münasibəti deyil. Bu bölgə Avropaya və Rusiyaya açılan, Türk dünyasının nəzarətində olmayan yeganə şimal qapısı idi. Azərbaycan və Türkiyənin buranı nəzarətə götürərək Ermənistanı tamamilə mühasirəyə almasının İranın Qafqazla əlaqəsinin tam kəsilməsi anlamına gələcəyini deyən Tehran, iki müsəlman ölkəsinin qarşısını almağa çalışarkən indi burada ABŞ-ni görmüş oldu. ABŞ, Rusiyanın Ukrayna ilə məşğul olduğu son dövrdə Moskvanın “arxa bağça” kimi gördüyü nüfuz sahəsində artıq daha görünən olmağa və Rusiyanın regional hegemoniyasını təhdid etməyə başlayıb. Bəlkə də İranın etdiyi səhvlər kimi Rusiya da vaxtilə Ermənistanla birlikdə hərəkət edib Türkiyə və Azərbaycanı qarşısına almasaydı, bunları yaşamazdı. Bunları demədən keçə bilməyəcəyəm".

Müsahibimiz hazırda Rusiyanın “qırmızı xətt”i keçdiyini qeyd edib: 

"ABŞ-Ermənistan sazişi Rusiyanın Ermənistana qarşı təzyiq siyasətini də özü ilə gətirə bilər. Əlbəttə, Moskvanın mövcud vəziyyətdə Ermənistanla nə dərəcədə məşğul ola biləcəyi də sual altındadır. Eləcə də İran, ABŞ kimi hazırda müharibə prosesindən keçən bir aktorun belə bir sahə qazanmasından narahat olacaq. Türkiyə və Azərbaycan isə Rusiyanın, ABŞ-nin və Ermənistanın qarşılaşa biləcəyi mümkün riskli proseslərdən özləri üçün faydalı siyasətlər formalaşdırmaq imkanı əldə edə bilərlər".