"Həmişəki kimi ermənilərin istəyi iki stulda oturmaqdır"
Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ və Ermənistan təşəbbüsü ilə həyata keçirilən TRIPP layihəsi ilə bağlı açıqlama verib. O, layihənin erməni-amerikan təşəbbüsü olduğunu və Rusiya tərəfinin iştirakını mümkün saymadığını bildirib. Simonyan layihənin regionda sülh çərçivəsində həyata keçirildiyini vurğulayıb və Ermənistan ərazisindən keçən yolların yalnız TRIPP ilə məhdudlaşmadığını qeyd edib. Eyni zamanda, layihəyə ABŞ-ın təşəbbüsü və Rusiya ilə dialoq imkanlarının mövcudluğu regionda geosiyasi maraqları aktuallaşdırır.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Sherg.az-a deyib ki, TRIPP layihəsinin qərarvermə hüququ əsasən ABŞ şirkətinə məxsusdur:
“Bu layihənin icrasında digər ölkələrin və ya təşkilatların iştirakı mümkün görünmür. Çünki Ermənistanın özü tam səlahiyyət sahibi deyil. Aliyen Simonyan da eyni fikirdədir. Hüququ baxımından çox qəribə belə bir vəziyyət yaranıb. Ermənistan 1992-ci ildən sərhəd qorunma və digər suveren hüquqlarını Rusiyaya verib. Bu məsələni isə hələ də qaldırmır. Hətta sazişdə Rusiya orada Ermənistanın sərhədlərini deyil, MDB xaricindəki sərhədləri qoruyur ifadəsi yer alıb. Yəni Ermənistanın vermiş olduğu suveren hüquqların icrası Rusiyanın nəzarəti altındadır. Suveren hüquqların isə hər bir dövlətdə müxtəlif sahələrə təsiri olur: sərhədlərin qorunması, vergilərin yığılması, seçkilərin keçirilməsi və s”. 
Analitik qeyd edib ki, Ermənistan müxtəlif ölkələr qarşısında götürdüyü sazişlərə, öhdəliklərə aydınlıq gətirməlidir:
“Rusiya deyir ki, mənim qarşımda öhdəlik var. Yəni saziş ləğv olunmadığı təqdirdə Ermənistan sərhədlərinə rus sərhədçiləri nəzarət edir. Hətta İndiyədək, Ermənistan oraya Rusiya sərhədçilərinin icazəsi ilə daxil ola bilər. Ruslar da narazılıq edirlər ki, əraziləri mənə verməyinə baxmayaraq necə gedib Amerika şirkəti ilə təzə bir saziş bağlayırsan. Hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdir. Bu işi parlament sədri görməlidir, kim görəcək? Həmişəki kimi ermənilərin istəyi iki stulda oturmaqdır. Vensin səfərindən sonra görəcəksiniz ki, Paşinyan Moskvaya qaçaraq hesabat verir. Yəni bu ikili oyun həmişə olub. Bəlkə də Tramp bunları sıxıb nəyəsə məcbur etdi”.