Zəngəzur dəhlizi Avropanın Mərkəzi Asiyaya ən qısa yoludur -ŞƏRH

Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya xəritəsinin formalaşması istiqamətində aparılan danışıqlar regionun geosiyasi balansına ciddi təsir göstərməkdədir. Xüsusilə də beynəlxalq oyunçuların ABŞ, Avropa İttifaqı və digər güc mərkəzlərinin prosesə artan marağı, Zəngəzur layihəsinin artıq təkcə regional deyil, qlobal miqyasda əhəmiyyət kəsb etdiyini sübut edir. Bu kontekstdə Zəngəzur dəhlizi ətrafında gedən son müzakirələr və verilən siyasi siqnallar həm Azərbaycanın mövqeyinin gücləndiyini, həm də layihəni böyük dövlətlərin strateji tranzit marşrutu kimi qiymətləndirdiyini göstərir.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Zəngəzur dəhlizinin açılmasının mahiyyət etibarilə Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi demək olduğunu vurğulayıb:

"Vaşinqton görüşündə Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları arasında “Trump yolu” adlandırılan, əslində isə Zəngəzur dəhlizi olan layihə ilə bağlı razılıq əldə olunub. Demək olar ki, üç ölkə bu yolun çəkilməsi barədə anlaşmaya gəlib. Bu, mahiyyət etibarilə Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi deməkdir. Çünki Azərbaycan məhz Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasını təklif edirdi. İndi həmin layihə “Trump yolu” adı ilə reallaşdırılacaq. Ümumiyyətlə, Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Marta Kosun bu məsələ ilə bağlı verdiyi açıqlamada təşkilatın mümkün iştirakı məsələsinə toxunulub. Avropa İttifaqı bu layihəyə investisiya yatıraraq iştirak edə bilər. Təkcə Avropa İttifaqı deyil, müxtəlif güc mərkəzləri də bu layihəyə ciddi maraq göstərəcəklər və göstərməlidirlər". 

Politoloq yolun açılması ilə Aİ-nin mərkəzi Asiya ölkələrinə və eyni zamanda Çinə daha rahat tranzit əldə edəcəyini söyləyib: 

"Bu, Avropa İttifaqının mərkəzi Asiya bazarlarına və Çinə çıxış imkanlarına mühüm təsir göstərəcək. Buna görə də rəsmi Brüssel bu prosesdən kənarda qalmaq istəmir və birbaşa iştirak etmək niyyətindədir. Bu fakt bir daha bizim dediklərimizi təsdiqləyir. Zəngəzur dəhlizi layihəsi qlobal əhəmiyyətə malikdir. Məhz buna görə də Aİ komissarı Ermənistan hökuməti ilə görüşlərdə bu məsələləri xüsusi vurğulayır və layihədə iştirak etməyə maraqlı olduqlarını bildirir. Digər ölkələr, məsələn, Çin və Rusiya da bu layihədə iştirak etmək niyyətində olduqlarını açıq şəkildə ifadə ediblər. Bütün bunlar Zəngəzur dəhlizinin strateji əhəmiyyətini və Azərbaycanın dövlət rəhbərliyinin bu məsələyə nə qədər uzaqgörənliklə yanaşdığını bir daha göstərir".