Zəngəzur yolunda yeni reallıq: İrəvan Moskvaya qapını bağlayır

Ermənistandakı seçkilər Zəngəzur yolunun gələcəyini müəyyən edəcək

Yusif Bağırzadə: Zəngəzur yolunun təhlükəsizliyi artıq ABŞ-nin məsuliyyətindədir

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar nəqliyyat-kommunikasiya xətlərinin əhəmiyyətini daha da artırıb. Xüsusilə Zəngəzir yolu ətrafında gedən müzakirələr təkcə regional deyil, qlobal güclərin maraqlarının toqquşduğu strateji məsələ kimi çıxış edir. 

Bu barədə parlament sədrinin müavini Ruben Rubinyan bildirib ki, TRIPP layihəsində Rusiyanın iştirakı ilə bağlı İrəvanla heç bir müzakirə aparılmır.

“Müzakirəyə hazır olduqlarını bilmək sevindiricidir, amma nəyin müzakirəsi? Belə müzakirələr yoxdur”,-o vurğulayıb. Rubinyan layihədə Rusiya şirkətinin mümkün iştirakı ilə bağlı suala isə belə cavab verib: “Nəzəri suallara cavab vermirəm”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, Rusiya “Tramp marşrutu” təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.

Politoloq Yusif Bağırzadə Sherg.az-a söyləyib ki, 2020-ci il Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli razılaşmasına əsasən, həmin yolun təhlükəsizliyini Rusiya Federasiyasına məxsus hərbi kontingent təmin etməli idi:

"Lakin 8 avqust 2025-ci il Vaşinqton razılaşmasına əsasən, həmin yolu həm Azərbaycan, həm də Ermənistan birbaşa ABŞ şirkətlərinin idarə edəcəyi yol kimi qəbul olundu. Bu, eyni zamanda yolun təhlükəsizliyinə verilən təminat kimi də başa düşülməlidir. Yəni, yolun həm istismarı, həm tikintisi, həm də təhlükəsizliyi ABŞ-nin məsuliyyətində olacaqdır. Bu səbəbdən Azərbaycan Ermənistanla sülh müqaviləsinin paraflanmış sənədində bu maddədən imtina etdi və düzgün qərar qəbul olundu. Çünki bu məsələ Ermənistanın daxili işi olmaqla yanaşı, hazırda Ermənistan ilə ABŞ arasında olan münasibətlər çərçivəsində qiymətləndirilməlidir".

Politoloq hazırkı mərhələdə Rusiyanın xarici işlər nazirliyinin nümayəndəsinin verdiyi bəyanatın da Ermənistan-Moskva münasibətlərindən qaynaqlandığını söyləyib:

"Bu məsələ birbaşa Ermənistanın, qismən isə ABŞ-nin səlahiyyətləri çərçivəsindədir. Nəzərə alsaq ki, yaxın zamanda Ermənistanda seçkilər keçiriləcək, Rusiyanın bu seçkilərlə bağlı mövqeyi-yəni hakim partiyanı, yoxsa müxalifəti dəstəkləyəcəyi zamanla aydınlaşacaq. Hətta Ermənistan bu yoldan istifadə edərək müxtəlif formalarda Rusiyaya təsir göstərməyə də cəhd edə bilər. Bu yol regionun gələcəyini dəyişə biləcək strateji əhəmiyyətə malikdir və onun istismarı ilə bağlı region dövlətləri arasında müəyyən rəqabət yaşanacaqdır".

Ekspert Ermənistandakı seçkilərin Zəngəzur yolunun gələcək taleyinə ciddi təsir göstərəcəyini vurğulayıb:

"Həm Azərbaycan, həm də Ermənistanın 8 avqust qərarı olduqca düzgün və uzaqgörən addımdır. Bu məsələ yalnız “Tramp marşrutu” kimi deyil, eyni zamanda Cənubi Qafqazın ümumi təhlükəsizliyi kontekstində dəyərləndirilməlidir. ABŞ-nin bu yolda iştirakı isə xüsusilə region dövlətlərinin təhlükəsizliyinə əlavə təminat kimi başa düşülməlidir".