Zəngəzurla bağlı Xameneinin müşavirinə İrəvandan cavab

“TRIPP Ermənistanın tam ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərəcək və qarşılıqlı bərabərlik prinsiplərinə əsaslanacaq, biznes layihəsidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan TRIPP-lə bağlı İranın Ali dini rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin açıqlamasını şərh edərkən deyib.

“İranlı həmkarlarımızla daim təmasdayıq və inkişaflar barədə xəbərdar edirik, onların həssaslıqları və maraqlarını nəzərə alırıq. İran Xarici İşlər Nazirliyi bu baxımdan dəfələrlə bəyan edib ki, bu layihə onların qırmızı xətlərini nəzərə alır. Biz qonşularımızın həyati maraqlarını nəzərə alırıq və İran məsələsində bu maraqlar əksər hallarda üst-üstə düşür”, - Ruben Rubinyan bildirib.

Ermənistan parlamentinin komitə sədri Sərkis Xandanyan da məsələni şərh edib: “Xatırlayırsınızsa, layihə yeni təqdim olunanda İran xarici işlər naziri (Abbas Əraqçi) və digər rəsmilər narahatlıqlarının aradan qalxdığını və hər hansı bir narahatlıq olarsa, Ermənistanın dərhal cavab verəcəyini bildirən açıqlamalar vermişdilər”.

İran şirkətlərinin yolun tikintisində iştirakına gəldincə, Xandanyan vurğulayıb ki, hazırda bu cür məsələlər müzakirə olunmur:

“Hazırda Ermənistanla ABŞ arasında müqavilə və şirkətin yaradılması ilə bağlı hüquqi çərçivə müzakirə olunur və sonra bütün məsələlər Ermənistanla ABŞ arasında TRIPP layihəsi üzrə konsensusla həll ediləcək”.

Xatırladaq ki, Əli Əkbər Vilayəti bundan əvvəl İranın TRIPP layihəsinə qarşı olduğunu bildirib. Xameneinin müşavirinin fikrincə, bu layihə ilə Zəngəzur dəhlizi arasında heç bir fərq yoxdur.