Müxalifətin Paşinyanı impiçment etməyə potensial gücü və imkanları yoxdur -Analitik

Bir neçə gün öncə sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün 107 parlamentariyə məktub göndərib. Layihənin parlamentin müzakirəsinə çıxarılması üçün 36 deputatın imzası lazımdır.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Parlamentdə həmçinin heç bir fraksiya üzvü olmayan 5 deputat var: “Şərəfim Var” blokunu tərk etmiş İşxan Zakaryan, “Ermənistan” blokunun keçmiş üzvü Qeqam Nazaryan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasından xaric edilmiş, yeni partiya yaradan Ovik Ağazaryan və Akop Aslanyan. Sonuncular yeni partiyanın təsis qurultayını gözləyirlər.
Ağazaryan nəşrə bildirib ki, impiçment təşəbbüsünə qoşulmayacaqlar:
“Bu kontekstdə yeni yaradılmış partiyamızın yanaşmalarında heç bir dəyişiklik yoxdur, Serj Sərkisyan və Robert Köçəryanın ətrafında toplanmış qüvvələrə qoşulmuruq”.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a bildirib ki, Paşinyanın hakimiyyətə gələndən sonra Köçəryan, Sarkisyan və digər qruplar ona qarşı aktiv hərəkətə keçdilər:
"Təsadüfi deyil ki, Ermənistan Baş nazirinə qarşı müxtəlif təzyiqlər, mitinqlər, təhdid üsulları, hətta onun oğluna fiziki hücumlar da tətbiq olundu. Lakin Paşinyan bunların heç birində geri durmadı. Eyni zamanda Ermənistan parlamentində impiçment məsələsi zaman-zaman gündəmə gəlsə də, nəticə verməyib. Çünki müxalifətin  potensial gücü və imkanları yoxdur. Amma bütün bunlara baxmayaraq yenə də həmin qüvvələr mövqeyindən dönmür və təslim olmurlar. Həmçinin müəyyən yollarla Ermənistandakı bitərəf, o cümlədən digər deputatları da özlərinə qoşaraq Paşinyanın impiçment prosesini gerçəkləşdirmək istəyirlər. Hazırda bu, real görünmür. Çünki Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyasındakı deputatların sayı qarşı tərəfə bunu etməyə imkan vermir".
Şərhçi vurğulayıb ki, nəzəri olaraq, Paşinyanın hakimiyyətdən getməsini təsəvvür etsək, əslində Ermənistan üçün indiki halda real və parlaq namizəd görünmür:
"Lakin hər halda sürpriz namizəd də son anda ortaya çıxa bilər".