...Lakin bu Vaşinqton üçün ciddi bir uğur hesab olunmayacaq
İran-ABŞ danışıqlarının növbəti mərhələsi ərəfəsində diplomatik təmaslar intensivləşir. İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşə hazırlaşır.
Tehran bu təmasları nüvə proqramı ətrafında aparılan texniki müzakirələrin dərinləşdirilməsi və mümkün razılaşmanın hüquqi-texniki çərçivəsinin dəqiqləşdirilməsi kimi təqdim edir. Əraqçi bildirib ki, məqsəd “ədalətli və balanslı razılaşma” əldə etməkdir. Görüş ABŞ-İran danışıqlarının Omanda keçiriləcək növbəti raundu ərəfəsinə təsadüf edir. Bu fonda Vaşinqtondan da ziddiyyətli mesajlar səslənir. ABŞ dövlət katibi Marko Rubio indiyədək İranla uğurlu danışıqların baş tutmadığını desə də, rəsmi Vaşinqtonun diplomatik variantı yenidən sınaqdan keçirmək niyyətində olduğunu vurğulayıb.
Beləliklə, Cenevrə və Oman xətti üzrə paralel diplomatik proseslər regionda nüvə gündəliyinin yenidən aktiv fazaya keçdiyini göstərir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a bildirib ki, ABŞ ilə İran arasındakı bu gərginlik dünyada bütün mövzuları pərdə arxasında qoyub:
“Hətta Rusiya-Ukrayna müharibəsi belə gündəmdə bu qədər deyil. ABŞ-nin Fars Körfəzi və Ərəbistan dənizində hərbi donanma yığması bütün dünyanın diqqət mərkəzindədir. Hər gün, hər saat İranın hədəfə alınacağı ilə bağlı fərziyyələr səslənir. Lakin uzun müddət davam edən bu prosesə baxmayaraq, açıq hücum hələ baş verməyib. Bu da göstərir ki, ABŞ üçün hazırkı vəziyyət maraqlarına uyğundur.Yəni ABŞ sadəcə güc nümayişi ilə İranı masaya oturtmaq və öz şərtlərini diktə etmək niyyətindədir. Digər tərəfdən İranın hərbi gücü, müdafiə qabiliyyəti və silah arsenalı ABŞ-la müqayisədə zəifdir”.
Analitik əlavə edib ki, ABŞ üçün növbəti Vyetnam, İraq və ya Əfqanıstan tipli uğursuz hərbi əməliyyatlar istənilən ssenari deyil:
“ Bu əməliyyatların hər biri demək olar ki, Amerika üçün uğursuz olub, ona görə də belə əməliyyata yenidən getmək istəmirlər. Bu səbəbdən diplomatik format gündəmə gəlir və ABŞ fərqli yanaşmaları sınaqdan keçirir. Məsələn, Donald Trump danışıqların uğurla getdiyini bəyan edib. Lakin paralel olaraq İranın yenə də təhdid edilməsi və növbəti gəmilərin İran ətrafına göndərilməsi kimi addımlar da səsləndirilib. Bu isə məsələnin nə qədər mürəkkəb olduğunu göstərir”.
X.Bəşirov söyləyib ki, İran, ABŞ və İsrail üçün strateji düyünə çevrilib və bu düyünün açılıb-açılmayacağı hələ dəqiq bilinmir:
“ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrin, xüsusilə Körfəz dövlətlərinin mövqeyini nəzərə almaq məcburiyyətindədir. Bu ölkələr regiondakı eskalasiyanın öz maraqlarına zidd olacağını anlayır. Çünki öz əraziləri təhlükə altına düşə bilə, Fars Körfəzi ilə neft və digər məhsulların axımında problemlər yarana bilər. Hazırda İrana hücum etmək istəyənlərləbuna qarşı olanlar arasında tərəzi daha çox hücuma qarşı tərəfi ağırlaşdırır. Hücum etmək istəyini açıq göstərən əsas tərəf İsraildir. Lakin ABŞ-da da zaman-zaman belə fikirlər səslənir və Rusiya ilə Çin İrana dəstək olmaq mövqeyini nümayiş etdirir”.
Ekspertin sözlərinə görə, danışıqlar formatının Oman və İsveç vasitəsilə aparılması diplomatik variantın imkanlarını genişləndirir:
“ Atom Enerji Beynəlxalq Agentliyinin rəhbəri ilə İran arasında aparılan danışıqlar Uranın zənginləşdirilməsi məsələsində irəliləyiş əldə etmək məqsədi daşıyır. Bu da İranın müəyyən mənada mövqeyini sərtləşdirməyə hazır olduğunu göstərir. ABM-in mövqeyi hələ tam açıqlanmayıb, lakin İran sanksiyaların aradan qaldırılması qarşılığında nüvə enerjisi məsələlərində danışıqlara hazır olduğunu bildirir. Burada səmimiyyət yox, dövlət maraqları əsasdır və hətta uğurlu danışıqlar zamanı belə hücum ehtimalı mövcuddur. Omanda aparılan görüşlərdə heç bir görüntü yayılmayıb və görüşlər çox vaxt ayrı otaqlarda baş tutub. Abbas Araqçı, Steve Witkoff və Kuşnerin eyni masada olmaması bunun göstəricisidir. Oman nümayəndə heyəti bu görüşlərdə koordinasiyanı təmin edib. İsveçdə isə Uran mövzusunda müzakirələr davam edəcək.
SHAM sədri söyləyib ki, danışıqlar nəticə verməsə, ABŞ-nin İranı vurmaq ehtimalı gündəmə gələ bilər, lakin bu Vaşinqton üçün ciddi bir uğur hesab olunmayacaq:
“ABŞ açıq müharibəyə keçməyəcək, çünki bu, böyük zərbə və bataqlıq riski yaradır. Havadan zərbə ehtimalı mümkündür. Donald Trump ordunu topladıqda bunun nəticəsi olmalıdır. Nəticə olaraq da ya danışıqlar formatında İran ciddi addım atmalı, ya da ABŞ müəyyən hədəfləri vurmaqla reaksiyasını göstərməlidir”.