Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub

  • XİN rəhbəri səfirlik əməkdaşlarına qızına yardım göstərməyi tapşırıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub.

Sherg.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Arpi Mirzoyan bu il orta məktəbi bitirib və Avropanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Tilburg Universitetinin hüquq fakültəsində təhsil almaq üçün Niderlanda gedib. Hazırda o, artıq Niderlanddadır. Universitetin tələbələrin yaşayışı üçün öz kampusu olmadığı üçün atasının onun üçün təhsil müəssisəsinin yaxınlığında ikiotaqlı mənzil kirayələdiyi bildirilir.

Açıq mənbələrdəki məlumatlara əsasən, təhsil haqqı proqramdan asılı olaraq illik 17–20 min avro təşkil edir. Bu məbləğ Harvard və ya Oksford universitetlərindəki təhsil haqqından aşağı olsa da, tələbələr üçün hər hansı güzəşt nəzərdə tutulmur. Universitet bakalavr proqramları üzrə təqaüd və qrantlarla bağlı sərt siyasət həyata keçirir, çünki bu proqramlar Niderland hökuməti tərəfindən subsidiyalaşdırılır. Avropa İttifaqına daxil olmayan ölkələrdən olan xarici tələbələr isə güzəştlərdən yararlana bilmirlər. Qəbul tələbləri arasında dil biliklərinin yüksək səviyyədə olması və attestatda orta göstəricidən yuxarı qiymətlərin olması da yer alır.

“Hraparak”ın məlumatına görə, Mirzoyan Niderlanddakı Ermənistan səfirliyinin əməkdaşlarına qızına müxtəlif məsələlərdə yardım göstərməyi tapşırıb. Nəşrin iddiasına əsasən, səfirlik əməkdaşları rəhbərliyə xidmət göstərmək imkanından məmnunluqla istifadə edirlər.