Hindistan çətin sınaq qarşısındadır: Dehli nə Rusiyanı, nə də ABŞ-ni itirmək istəyir

Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edib. Putinin təyyarəsi Hindistan Hərbi Hava Qüvvələrinin Palam bazasına enib. Səfərin iki gün davam edəcəyi bildirilib. Rusiya Prezidenti Hindistanın Baş naziri Narendra Modi ilə qapalı, qeyri-rəsmi görüş keçirib. Qeyd edək ki, bu, Rusiya liderinin son 4 ildə Hindistana ilk səfəridir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Vladimir Putin xarici səfərlərə ara vermişdi. Ancaq son zamanlar Rusiya prezidentinin səfərlərinin sayı artıb. Putin Çin və Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Hindistana gedib. Ekspertlərə görə, Putinin birdən-birə fəallaşması təsadüfi deyil. Bu, Kremlin yeni mərhələyə keçdiyinin göstəricisidir.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Vladimir Putin Hindistana səfəri zamanı Dehli ilə əsasən hərbi-texniki və enerji əməkdaşlığın konturlarını müəyyənləşdirməyə çalışacaq. Ekspertə görə, Putinin buna nail olması asan deyil:

"Çünki Vaşinqton Dehliyə təzyiqi artırıb. Məqsəd Hindistanın Rusiyadan hərbi texnika və neft alışını minimuma endirməkdir. Hindistanın Baş naziri Narendra Modi Rusiya ilə ABŞ arasında balansı qorumaq məcburiyyətindədir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Dehli buna baxmayaraq, vasitəçilik təşəbbüsləri ilə çıxış etməyə üstünlük vermir. Çünki Dehlidə anlayırlar ki, Putin onsuz da bu təşəbbüsləri qəbul etməyəcək. Vladimir Putin Narendra Modini Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə inandırmağa çalışacaq. Hindistan son günlərə qədər Rusiyadan ucuz neft alırdı. Ancaq ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaları sərtləşdikdən sonra Hindistanın neftayırma zavodları keçmiş illərdə olduğu kimi ərəb ölkələrinə üz tutdular. Hindistan neft alışı məsələsində ehtiyatlı mövqe tutsa da, Dehli Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıqdan imtina etmək istəmir. Dehli ilə Moskva arasında 2018-ci ildə imzalanan sazişə görə, Rusiya Hindistanı S-400 raketləri ilə təhciz etməlidir. Bu komplekslərdən üçü Hindistana verilib. Rusiya bundan başqa Hindistana Su-57 döyüş təyyarələrini almağı təklif edib. Rusiya Hindistanla nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirmək istəyir".

Analitik qeyd edib ki, Vladimir Putin səfərdən əvvəl “India Today” nəşrinə verdiyi müsahibədə “Rusiya-Hindistan əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib” fikrini işlədib:

"Görünür, Kreml sahibi bununla Vaşinqtona, Pekinə və İslamabada mesaj göndərib. Çünki məhz bu 3 paytaxtda Putinin Dehlidə əldə edəcəyi razılaşmalar diqqətlə analiz ediləcək. Putin Vaşinqtonun Rusiyanın Hindistanla enerji əməkdaşlığına mane olmasına özünəməxsus şəkildə cavab verib: “ABŞ-nin özü atom elektrik stansiyaları üçün Rusiyadan nüvə yanacağı alır”. Bununla Putin demək istəyib ki, ABŞ Rusiyadan nüvə yanacağı aldığı halda başqa dövlətlərə Rusiyadan nüvə yanacağı almağı qadağan etmək istəyir. Putinin bu açıqlamasının ABŞ Prezidenti Donald Tramp üçün əhəmiyyəti yoxdur. Çünki Ağ Ev sahibinin əsas şüarı “birinci növbədə Amerikadır”. Buna görə də, Dehli Rusiya və ABŞ ilə münasibətlərdə balansı birinin xeyrinə pozmayacaq".