Müharibənin taleyini uzaqmənzilli zərbələr deyil, iqtisadi dayanıqlılıq müəyyən edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Rusiyaya edilən zərbələr barədə paylaşım edib. Prezident qeyd edib ki, Ukrayna ordusunun uzaqmənzilli hücum silahları Rusiya hərbi logistika mərkəzlərinə, neft sənayesi obyektlərinə və hava hücumundan müdafiə (HHM) sistemlərinə uğurlu zərbələr endirib.
Beynəlxalq siyasət mütəxəssisi, təhlükəsizlik üzrə ekspert İsmayıl Cingöz Sherg.az-a bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqladığı son əməliyyatlar müharibənin yeni mərhələyə keçdiyini göstərir:
"Ukrayna uzaqmənzilli pilotsuz uçuş aparatları və dəqiq zərbə sistemləri vasitəsilə Rusiyanın hərbi logistika mərkəzlərini, neft emalı zavodlarını, yanacaq anbarlarını və hava hücumundan müdafiə vasitələrini hədəfə alır. Son hücumlarda Rusiyanın neft infrastrukturu və hərbi təchizat şəbəkəsinin vurulduğu, bəzi hava müdafiə radarlarının isə sıradan çıxarıldığı bildirilir. Müharibənin ilk illərində daha çox cəbhə xəttindəki quru döyüşləri ön planda idisə, bu gün tərəflər bir-birinin iqtisadi və hərbi davamlılığını hədəf alan strateji aşınma müharibəsinə yönəlib. Ukrayna cəbhədəki şəxsi heyət və sursat çatışmazlığını uzaqmənzilli PUA-lar, qanadlı raketlər və xüsusi əməliyyatlarla kompensasiya etməyə çalışır. Son dövrdə 1500-2000 kilometri aşan dərinlikdəki hədəflərə çata bilən Ukrayna sistemləri Rusiyanın müharibə iqtisadiyyatına zərər vurmağı qarşıya məqsəd qoyur".
Ekspert Rusiyanın hələ də canlı qüvvə, artilleriya sistemləri, ballistik raket arsenalı, hava qüvvələri və müdafiə sənayesi istehsal gücü baxımından üstünlüyünü qoruduğunu söyləyib:
"Moskva rəhbərliyi xüsusilə Donetsk, Luqansk və Zaporojye istiqamətlərində mərhələli irəliləyiş strategiyasında qalır. Bundan əlavə, uzaqmənzilli raket və kamikadze PUA hücumları ilə Ukraynanın enerji infrastrukturunu və şəhərlərini təzyiq altında saxlamağı davam edir. Buna qarşılıq olaraq, Ukraynanın ən mühüm üstünlüyü Qərbin təmin etdiyi kəşfiyyat dəstəyi, qabaqcıl texnoloji sistemlər və yerli müdafiə sənayesində hazırladığı yeni nəsil uzaqmənzilli pilotsuz sistemlərdir. Son aylarda Rusiya neft emalı zavodlarına qarşı hücumların artması Kiyevin müharibənin maliyyətini Rusiya üçün yüksəltməyə çalışdığını göstərir. Ukrayna mənbələrinə görə, çox sayda neft emalı zavodu, yanacaq-logistika mərkəzi və enerji obyekti hədəfə alınıb. Hərbi baxımdan qiymətləndirildikdə, tərəflərdən birinin qısa müddətdə qəti qələbə qazanması çətin görünür. Rusiyanın insan resursları və sənaye potensialı yüksək olsa da, Çin, Şimali Koreya və İrandan əldə etməyə çalışdığı dəstəyin gözləntilərini tam qarşılamadığı da unudulmamalıdır. Ukrayna isə Qərbin dəstəyi sayəsində müqavimət qabiliyyətini qoruyub saxlayır. Buna görə də müharibə getdikcə klassik cəbhə savaşından daha çox iqtisadi, texnoloji və logistika yönümlü aşınma mübarizəsinə çevrilir".
Analitik vurğulayıb ki, Ukraynanın Rusiyaya yönəlmiş hücumları cəbhədəki taktiki nəticələrdən daha çox, Moskvanın müharibə mexanizmlərinin və hərbi sistemlərinin davamlılığını hədəf alan strateji əməliyyatlardır:
"Lakin bu hücumların təkbaşına müharibənin nəticəsini dəyişdirəcəyi gözlənilməməlidir. Müharibənin taleyini müəyyən edəcək əsas amillər tərəflərin iqtisadi dayanıqlılığı, müdafiə sənayesinin istehsal gücü, xarici dəstəyin səviyyəsi və siyasi iradələrinin davamlılığı olacaq".