Vladimir Putin, Volodimir Zelenski və Donald Tramp arasında mümkün üçtərəfli görüş ehtimalı beynəlxalq diplomatiyada diqqət mərkəzinə çevrilib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steve Vitkofun Fox News telekanalına verdiyi açıqlamaya görə, yaxın üç həftə ərzində tərəfləri bir araya gətirə biləcək təkliflərin hazırlanması planlaşdırılır. Bildirilir ki, bu təşəbbüs ilkin mərhələdə iki tərəf arasında dialoqu intensivləşdirməyə, daha sonra isə liderlər səviyyəsində, o cümlədən üçtərəfli formatda görüşə zəmin yarada bilər.
Açıqlamada vurğulanıb ki, mümkün görüş yalnız konkret nəticələrə hesablanmış razılaşma perspektivi olduğu halda baş tuta bilər.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında son danışıqlar 17-18 fevral tarixlərində Geneva şəhərində keçirilib. Mövcud proseslərin necə inkişaf edəcəyi isə yaxın həftələrdə aparılacaq diplomatik təmaslardan asılı olacaq.
Politoliq Tural İrfan Sherg.az-a ABŞ-nin Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirməkdə maraqlı olduğunu söyləyib:

"Hazırda daha vacib məsələ İrandır. Məlumdur ki, İran bu müharibədə Rusiyaya ciddi hərbi dəstək verir. Həmçinin ABŞ-nin İrana hərbi müdaxiləsi ehtimalı böyükdür. Əgər bu müdaxilə baş verərsə, Rusiyanın da İrana ciddi dəstək verməsi lazımdır. Lakin ABŞ-nin digər iqtisadi maraqları var ki, bu müharibə həmin maraqlara ziddir. Zelenski, Putin və Trampın görüşü mümkündür. Şübhəsiz ki, bu görüşün baş tutması ən azı atəşkəsin əldə olunmasına vasitə ola bilər. Uzun müddətdir ki, Türkiyə də daxil olmaqla belə bir danışıqların baş tutması üçün səylər göstərilir. Üçtərəfli görüşün baş tutması məqsədi ilə təklif olunan şərtlər hər halda əvvəlcədən razılaşdırılacaq. Belə bir görüşün baş tutmasına əvvəlcədən zəmin olmalıdır. Sözü gedən açıqlama göstərir ki, belə bir zəminin yaranması üçün xüsusilə ABŞ ciddi səy göstərir. Hər halda Rusiyanın da öz maraqları var və müharibənin durması məqdədi ilə o da öz şərtlərini irəli sürür".
Politoloq vurğulayıb ki, hazırki müharibə ABŞ-nin savaşı deyil:
"ABŞ-nin öz maraqları var. Ona görə hazırda bu müharibənin davamiyyəti Vaşinqtonda narahatlıq yaradır. Donald Tramp bu müharibədə əsasən əvvəlki prezident Baydeni və Avropanı da təqsirləndirir. Rusiya ilə böyük iqtisadi, ticari imkanlara maneə hesab etdiyi bu gərginliyin bir an öncə aradan qalxmasında maraqlıdır. Xüsusən üçtərəfli görüşün təşkilinə nail olmaq üçün tələsir. Ona görə ki, İranla bağlı problemlərin həllinə zaman daralır".
Analitik İranın Çin və Rusiyadan silah aldığını deyib:
"İran ciddi müdafiə və ehtiyyat tədbirləri görür ki, bu da nüvə danışıqlarında onun üstünlüyünü artırır. Eyni zamanda əgər müharibə başlayarsa, bütün regionun əziyyət çəkməsinə səbəb olacaq. Hadisələrin baş verməsi ehtimalına görə regionda da narahatlıq və müharibə əleyhinə rəylər artır. Odur ki, ABŞ təcili olaraq Ukrayna və Rusiya arasında müəyyən razılaşmalara nail olmağa tələsir".