Politoloq: Tramp Netanyahunu qorumaq üçün Roma Papasını təhqir edir

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Tramp administrasiyasına dair səsləndirdiyi açıqlamalarla gündəmə gəlib. O, Trampın komandası ilə polemika aparmaq niyyətində olmadığını desə də, müharibəyə qarşı mövqeyinin dəyişməyəcəyini və çıxışlarında İncildəki sülh mesajını əsas götürdüyünü vurğulayıb. Eyni zamanda, Papa ABŞ və İsrailin İrana yönələn hərbi addımları fonunda Yaxın Şərqdə artan gərginliyə görə narahatlığını ifadə edib və “hegemonluq arzusu”nun dini dəyərlərlə ziddiyyət təşkil etdiyini bildirib.Qeyd edək ki, ABŞ Prexidenti Donald Tramp sosial şəbəkə paylaşımında Papaya sərt reaksiya verərək onu tənqid edib və onun seçilməsində öz rolunu iddia edib. Bu qarşılıqlı bəyanatlar Vatikan-Vaşinqton xəttində siyasi və ideoloji gərginliyi daha da qabardıb.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a söyləyib ki,Trampın Roma papasını İranla bağlı mövqeyinə görə təhqir etməsi, Xristian dünyasında ona qarşı nifrətin artmasına gətirib çıxaracaq:

“Nəzərə alaq ki, Netanyahu da ötən həftələrdə İsa peyğəmbər haqqında təhqiramiz ifadələr işlətmişdi. Qeyd edim ki, Yəhudi dini inancı xristianlığı qəbul etmir. Bu bir növ Trampın nə qədər Yəhudi Lobbisindən asılı olduğunu göstərir. O, Netanyahunu qorumaq üçün Roma Papasını təhqir edir. Roma papası dünyada sülhün və rifahın olmasında, İranla müharibənin əleyhinə açıqlama verib. Bütün dinlər tərəfindən, həmçinin dövlətlər tərəfindən qəbul edilir və hörmət edilən nüfuzlu dini xadimidir. Pasxa bayramında Papanı təhqir etmək bir növ İsrailə və Netanyahuya xidmət etdiyini açıq şəkildə göstərməkdir”.