Qazaxıstan Kanada bazarına tədarük edə biləcəyi ümumi məbləği təqribən 255 milyon dollar olan 45 kateqoriya üzrə malın siyahısını hazırlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi qurumun rəhbəri Arman Şakkaliyevin Kanadanın beynəlxalq ticarət naziri Maninder Sidhu ilə telefon danışığının yekunlarına əsasən məlumat verib.
Tərəflər ticarətin sadələşdirilməsini, investisiyaların cəlb edilməsini və sahəvi layihələrin həyata keçirilməsini əhatə edəcək birgə iqtisadi plan hazırlamağa razılaşıblar. Qazaxıstan həmçinin Kanadaya irimiqyaslı birgə təşəbbüslərin icrasına başlamağı təklif edib.
Tərəflər həmçinin xarici investisiyaların təşviqi və qorunması barədə mümkün saziş üzərində işi davam etdirəcəklər.
Bundan əlavə, Qazaxıstan ticarətin şaxələndirilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməyi və Kanadanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinə dair ayrıca iqtisadi strategiya hazırlamağı təklif edib.