Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı maddə daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə bağlı Rusiyaya qarşı tədbirlər görmək qərarını şərh edib.
Medvedev Almaniyanın PUA ilə bağlı ittihamlarının heç bir sübuta əsaslanmadığını bildirib. O, Almaniya hakimiyyətinin Rusiyaya qarşı düşmən mövqe sərgilədiyini qeyd edərək belə deyib:
“Onlar (almanlar) Bandera rejimi üçün hərbi texnika istehsal edən müəssisələrə, hətta Berlindəki digər obyektlərə birbaşa hücuma layiqdirlər”.
Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın mülki aviasiyasına qarşı təhdidlərini də şərh edib.
“Dövlət terrorçuları ilə danışıqlar aparılmır, onların əməllərinə cavab olaraq qisas alınır. Hər cür terrorun sponsorları var. Hazırda bunlar, ilk növbədə, Avropa ölkələri olmaqla, Qərb ölkələrinin liderləridir. Onlar tez-tez qatarla Kiyevə gedirlər”, - deyə Medvedev bildirib.
Qeyd edək ki, avqustun 4-də Almaniyanın Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı qurğu daşıdığı ehtimal edilən PUA aşkarlanmışdı.
ABŞ kəşfiyyatı aşkar edilən partlayıcı yüklü PUA-nın xüsusiyyətlərinin Rusiya hərbi kəşfiyyatına xas olduğunu iddia etmişdi.
Almaniya hökuməti isə dünən hadisə ilə bağlı araşdırmada əldə edilən nəticələrin Rusiyanın məsuliyyətini göstərdiyini açıqlayaraq bir sıra tədbirlər elan edib.
Qərara əsasən, Rusiyanın Bonndakı Baş Konsulluğu sentyabrın 18-dən etibarən bağlanacaq. Berlindəki “Rus Evi” ilə bağlı müqaviləyə xitam veriləcək, Rusiya vətəndaşları üçün giriş yoxlamaları sərtləşdiriləcək və Rusiyanın “kölgə donanması”na qarşı təzyiqlər artırılacaq.