Tramp Putinlə yenidən görüşməyə hazır olduğunu bildirib

Tramp Rusiya və Ukrayna ilə yaxşı münasibətləri qorumaq istədiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yenidən görüşməyə hazır olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

ABŞ prezidentinin sözlərinə görə, o, Ukrayna ilə bağlı sülh sazişi hazır olduqda Putinlə yeni sammit keçirmək istəyir.

“Biz sülh sazişi bağlamağa hazır olduğumuz zaman bunu keçirmək istəyirəm. Mən bu görüşü münaqişənin sona yaxınlaşdığı vaxt keçirmək istəyirəm. Və düşünürəm ki, belə də olacaq”, - Tramp deyib.

Bununla yanaşı, ABŞ prezidenti Rusiya və Ukrayna ilə -“hamı ilə” -yaxşı münasibətləri qorumaq istədiyini qeyd edib.

“Bu, biznes üçün əla olardı. Rusiyanın böyük ərazisi və çox qiymətli torpaqları var”, - Tramp bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişənin başa çatması “kifayət qədər tezliklə” mümkün ola bilər. Bununla yanaşı, Amerika lideri Putinlə Zelenski arasında ciddi düşmənçiliyin olduğunu vurğulayıb.

Vladimir Putin və Donald Tramp arasında sonuncu üzbəüz görüş 15 avqust 2025-ci ildə ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində, Elmendorf-Riçardson hərbi bazasında baş tutub.