Ümumərəb silahlı qüvvələrinin yaradılması ideyası real görünmür - ANALİTİK

Yaxın Şərqdə təhlükəsizlik mühiti son günlər daha da gərginləşib. İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələr ərəb dövlətləri arasında kollektiv müdafiə mexanizmlərinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib. Bu fonda Ərəb Dövlətləri Liqasında (ƏDL) uzun illərdir müzakirə olunan ümumərəb silahlı qüvvələrinin yaradılması ideyası yenidən aktuallaşıb.

ƏDL baş katibinin müavini Husam Zaki bildirib ki, bu təşəbbüs xüsusilə Misirdə yenidən müzakirə olunmağa başlanıb. Onun sözlərinə görə, “bu təşəbbüs barədə Misirdə yenidən danışılmağa başlanıb. Biz Ərəb Dövlətləri Liqasında bu məsələni araşdırırıq və növbəti iclasda onu yenidən müzakirəyə çıxarmağa hazırıq”. Zaki qeyd edib ki, İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələr ərəb dövlətlərini kollektiv təhlükəsizlik məsələsinə daha ciddi yanaşmağa vadar edib.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, indiki vəziyyətdə ümumərəb silahlı qüvvələrinin yaradılması ideyası tam real görünmür:

“ Hətta belə bir birlik yaradılsa belə, onun bütün ərəb dünyasını əhatə etməsi ehtimalı azdır. Məsələn, Suriyanın bu strukturda yer alması gözlənilən deyil. Livan isə “Hizbullah” faktorunu nəzərə alaraq bu təşəbbüsə ehtiyatla yanaşa bilər. Eyni zamanda, husilər hərəkatının təsiri səbəbindən Yəməndə də bu məsələyə birmənalı münasibət olmayacağı mümkündür. Bu səbəbdən, belə bir birlik yaradılsa belə, “ümumərəb silahlı qüvvələri” adlandırılmasına baxmayaraq, faktiki olaraq bütün ərəb dövlətlərini əhatə etməyəcək. Daha çox müəyyən ərəb ölkələrinin bir araya gəldiyi hərbi blok şəklində formalaşa bilər. Digər tərəfdən belə bir hərbi birlik yaradılsa belə, ərəb dövlətlərinin təhlükəsizliyini təmin etmək baxımından onun effektivliyi sual altındadır. Çünki bu gün ərəb dövlətlərinin qarşılaşdığı problemlər hərbi deyil, siyasi xarakter daşıyır. Məsələn, ərəb ölkələrinin ərazilərindən ABŞ qüvvələri istifadə edərək İrana zərbələr endirir və İran da cavab olaraq həmin ərazilərdə yerləşən hərbi obyektləri hədəfə alır. İran rəsmilərinin açıqlamalarında da qeyd olunur ki, onların məqsədi birbaşa ərəb dövlətlərinə zərbə endirmək deyil. Məqsəd həmin ərazilərdə yerləşən və İranın bombardıman edildiyi ABŞ hərbi bazalarıdır. Buna görə də ərəb dövlətlərinin qarşılaşdığı problemləri daha çox siyasi müstəvidə qiymətləndirmək lazımdır”.

Ekspert qeyd edib ki, Ərəb dövlətləri belə bir hərbi birlik yaratmaq əvəzinə, ilk növbədə öz xarici siyasətlərində müəyyən dəyişikliklər etməlidirlər:

“ Onlar hər hansı böyük vassalı kimi çıxış etməkdən çəkinməli və daha müstəqil siyasət yürütməlidirlər. Bu halda onların əraziləri başqa dövlətlər arasında qarşıdurmaların meydanına çevrilməz və nəticədə zərbələrə məruz qalmazlar. Bu, əlbəttə ki, ərəb ölkələrinin İrana güvənməsi və ya ona arxalanması demək deyil. İran da beynəlxalq siyasətdə tam etibarlı tərəf kimi qəbul olunmur. Ölkənin siyasi sistemi avtoritar xarakter daşıyır və ideoloji yanaşmalar bəzən radikal xarakter ala bilir. Bu isə müəyyən hallarda ərəb dövlətləri üçün təhlükə yarada bilər. Amma ərəb ölkələri İrandan qorunmaq istəyirlərsə, ilk növbədə xarici siyasətlərini yenidən nəzərdən keçirməli və ərazilərindən başqa dövlətlərin hərbi məqsədlərlə istifadə etməsi məsələsini həm hüquqi, həm də dövlətçilik baxımından məhdudlaşdırmalıdırlar”.

H.Səhrablının sözlərinə görə, belə bir blok yaradılsa belə, onun yaxın perspektivdə regional qüvvələr balansını ciddi şəkildə dəyişəcəyini düşünmək çətindir:

“ Hətta “ümumərəb ittifaqı” elan edilsə belə, onun İran, Rusiya, ABŞ və ya Türkiyə kimi güclərlə rəqabət aparacaq səviyyədə olması real görünmür. Çünki belə bir ittifaqın möhkəm institusional və siyasi təməllər üzərində qurulması çətin görünür. Ərəb dövlətləri arasında müxtəlif məsələlər üzrə ciddi fikir ayrılıqları mövcuddur. Bu ixtilaflar aradan qalxmadıqca qarşılıqlı etimad mühiti formalaşmayacaq və yaradılan birlik formal xarakter daşıyacaq. Tarixdə buna bənzər nümunələr də mövcuddur. Məsələn, Rusiyanın təşəbbüsü ilə yaradılan MDB və ya KTMT kimi təşkilatlar da çox vaxt formal birlik kimi qiymətləndirilir və üzv dövlətlər arasında tam, effektiv təhlükəsizlik mexanizmi formalaşdıra bilməyib. Nəticə etibarilə, ərəb dövlətləri arasında münasibətlər tam şəkildə normallaşmadan və qarşılıqlı etimad güclənmədən belə bir hərbi ittifaqın real və effektiv təhlükəsizlik mexanizminə çevrilməsi çətin görünür. Bu səbəbdən də onun regional qüvvələr balansını ciddi şəkildə dəyişməsi ehtimalı aşağıdır”.