ABŞ administrasiyası Ukraynada münaqişənin başa çatmasını gözləmədən Rusiya ilə yeni biznes sazişləri bağlamaq imkanını nəzərdən keçirir.
Sherg.az "The New York Times"a istinadən xəbər verir ki, daha əvvəl Vaşinqton Moskva ilə biznes razılaşmalarının yalnız Ukrayna böhranı başa çatdıqdan sonra müzakirə ediləcəyini bildirirdi. Lakin ABŞ-ın bu məsələdə mövqeyi dəyişib.
Məlumata görə, mümkün sazişlər ABŞ-ın Rusiya ilə münasibətləri yenidən qurmaq niyyətinin ciddiliyini nümayiş etdirə bilər. Müzakirələr ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra başlayıb.
Qəzetin məlumatına görə, Uitkoff və Kuşner Rusiyanı Ukrayna ilə münaqişəyə son qoymağa maraqlandırmağın yeni yollarını axtarırlar. Bununla belə, mümkün ikitərəfli sazişlərin konkret məzmunu hələ açıqlanmayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vladimir Putinlə son telefon danışığını yüksək qiymətləndirərək onu “möhtəşəm” adlandırıb. Tramp Moskvanın münaqişənin nizamlanmasında maraqlı olduğuna şübhə etmədiyini və Rusiya liderinin sülh sazişi bağlamağa meylli olduğunu bildirib.