Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirildi - FOTO

Sosial Tədqiqatlar Mərkəzində “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda müzakirə və təqdimat keçirilib. Toplantı çərçivəsində türkologiya üzrə tanınmış alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üç cildlik kitablarının təqdimatı da təşkil olunub. 
"Sherg.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, burada əsas məqsəd Azərbaycanın müasir ictimai fikir məkanında aktuallıq kəsb edən problemləri və perspektivləri müzakirə etmək, eyni zamanda türkoloq alim Faiq Ələkbərlinin üç cildlik kitabının təqdimatıdır.Daha sonra tədbirdə iştirak edən millət vəkilləri, elm adamları, ictimai xadimlər, media nümayəndələri, bu sahəyə maraq göstərən digər şəxslər öz fikirlərini bildirərək, müasir Azərbaycan ictimai fikrinin inkişaf dinamikası, mövcud çağırışlar və gələcək istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar. 
Dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru və hal-hazırda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsi Həsən Həsənov çıxışında bildirib ki, həm mövzu aktualdır, həm də Faiq Ələkbərlinin kitabları biu istiqamətdə Azərbaycan elminə, fəlsəfəsinə mühüm töhfədir. Onun fikrincə, üç cildlik kitabın “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması müəyyən qədər mübahisəli olsa da, bütövlükdə Azərbaycan xalqının əsas tarixinin, mədəniyyətinin, fəlsəfəsinin Türk etnosu ilə bağlı olması da şübhəsizdir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirib ki, kitabın adı onun üçün də mübahisəlidir və institutda keçirilən tədbirlərdə bu ifadə olunub. Eyni zamanda, kitablarda materializmin araşdırılması çox azdır və orada daha çox milli idealist ruh öz əksini tapıb. İ.Məmmədzadə bildirib ki, bütün hallarda kitab olduqca böyük zəhmət hesabına başa gəlib. Xalq şairi Sabir Rüstəmxanlı çıxışnda Faiq Ələkbərlini kitablarının nəşri ilə bağlı təbrik edərək, ona yaradıcılığında uğurlar arzulayıb. S.Rüstəmxanlı həmçinin qeyd edib ki, bu kitabların nəşri eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunun uğurudur. O, bildirib ki Faiq Ələkbərlinin üç cildlik kitabının “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması isə təbiidir və müəllif öz dəsti-xəttini davam etdirməlidir. Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin 3 cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir.

Qalereya