Azərbaycan Yazıçılar Birliyi (AYB) ətrafında yaranan qalmaqal yeni hüquqi mərhələyə keçir. Qurum rəhbərliyi bir qrup şair və yazıçının təşkilatla bağlı səsləndirdiyi tənqidi fikirləri qarayaxma kampaniyası kimi qiymətləndirərək, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəyini açıqlayıb. AYB-nin yaydığı rəsmi mövqedə iddia olunur ki, son dövrlər bir sıra media və elektron resurslarda təşkilatın nüfuzuna xələl gətirməyə yönəlmiş, faktlara söykənməyən məlumatlar məqsədli şəkildə tirajlanır.
Məlumatda qeyd edilib ki, AYB Katibliyi bu işlərin və bu kampaniyanın “qədim və yeni təşkilatçıları” barədə yetərincə məlumatlıdır:
“ Adları hallandırılan ədiblərin sırasında Aqşin Yenisey kimi elə şəxslər də var ki, onlar heç vaxt birliyin üzvü olmayıblar. Guya həbsdə dünyasını dəyişmiş, Yardımlıdan olan Azad adlı AYB üzvü barədə məlumatlar yalandır. Saday Şəkərli ilə AYB arasında hər hansı məhkəmə çəkişməsi olmamışdır. Ramiq Muxtar və İlham Qəhrəman AYB-yə böhtan atdığına görə onlarla münasibətlər hüquq müstəvisində həll olunmuş, məhkəmənin hökmü ilə onların hər ikisi barədə cərimə tətbiq edilmişdir. Fəzail İsmayıl AYB aparatının işçilərinə şər atmış, əsassız fikirlərini sübuta yetirə bilmədiyinə görə üzvlükdən xaric edilmişdir.
Bildiririk ki, AYB üzvlüyünü tərk etmiş və yenidən birlik sıralarına qoşulmaq istəyən ədiblər də olmuşdur ki, AYB rəhbərliyi belə müraciətlərə daim humanist yanaşmışdır”.
"Sherg.az" xəbər verir ki, şair Aqşin Yenisey AYB xəbərdarlığına cavab olar belə deyib:
"Bu xəbərə həç təəccübləndim, həm də təəccüblənmədim..Təəccübləndim ki, mən Elza Seyidcahan o quruma üzv seçiləndən sonra orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam. Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”. Nə orada gedən ev davalarına qoşulmuşam, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmışam. Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya ilərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmri? Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz: bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək. İndi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər. Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb. Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...
Allahınız köməyiniz olsun!".