“Vara da şükür de, yoxa da şükür” -Sözün sədaqəti və taleyin poetik dirənişi

Sumqayıt şəhər Əli Kərim adına Poeziya klubu və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqaylt şəhər Poeziya Evində mərhum şair Elman Tovuzun 65 illik yubileyinə həsr olunmuş “Vara da şükür de, yoxa da şükür” adlı anım tədbiri keçirilib.

Sherg.az xəbər verir ki, bu tədbir, şairin vəfatından sonra keçirilən ilk yubiley mərasimi kimi xatirəsunin yad edilməsi xarakteri daşımaqla birgə, çağdaş Azərbaycan ədəbiyyatında şəxsiyyət–yaradıcılıq–ictimai mövqe üçlüyünün yenidən dərk edilməsi baxımından diqqətəlayiqdir.

Tədbiri giriş sözü ilə açan Poeziya Klubunun direktoru, şair-tərcüməçi İbrahim İlyaslı, Elman Tovuzun həyat və yaradıcılıq yolunu, poetik portretini təqdim edərək onun poeziyasına taleyin sınaqları ilə yoğrulmuş mənəvi təmkin poetikası xarakteristikasını verib.

Tədbir Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının aparıcılığı və məruzəsi ilə davam edib.

O, Elman Tovuz şəxsiyyətini üç əsas istiqamətdə – şair, ictimai xadim və ədəbiyyatşünas kimliyi kontekstində incələyib.

Elman Tovuz poeziyasının özündə xəlqiliyi, təbiiliyi, səmimiyyəti və ozan-aşıq ruhunun çağdaş davamını ehtiva etdiyini vurğulayan Əkbər Qoşalı deyib:

“Bu poeziya süni konstruksiyalardan uzaqdır; o, birbaşa həyatın özündən qaynaqlanır.

Elman Tovuz şeiri, sözü bərəkətli Tovuz torpağının, dağlar başındakı Şıxheybət kəndinin təbiət və mədəniyyət iqlimindən, ocaq yaddaşından süzülüb gəlir.

Elman Tovuz – doğulduğu torpağın poetik enerjisini daşıyan şair idi.

O mühitin sərtliyi də, bərəkəti də, mədəni iqlimi də onun şeirlərində yaşayır.

Onun yaradıcılığı çağdaş şeirimizdə daxili səmimiyyətin estetik dəyərə çevrilməsi kimi qiymətləndirilməyi haqq edir.”

Aparıcı Elman Tovuzun ictimai fəaliyyətini ayrıca vurğulayıb: “o, yalnız ədəbi mühitlə məhdudlaşmayan, ictimai diskursda aktiv iştirak edən bir aydın idi. Elman Tovuz susan şair deyildi. O, cəmiyyətlə danışan, mövqe sərgiləyən, ictimai məsələlərə münasibət bildirən söz adamlarından biriydi.”

Əkbər Qoşalı şairin sosial media fəaliyyəti, ictimai mövzulara dair çıxışlarını və vətəndaş cəmiyyəti ilə bağlı yanaşmalarını onun ictimai məsuliyyət şüurunun göstəricisi kimi dəyərləndirilib. 

Eyni zamanda Elman Tovuzun üçüncü önəmli tərəfi – onun ədəbiyyatşünas kimliyi diqqət mərkəzinə çəkilib:

“O, tanınmış şair olmaqla bərabər, ədəbiyyatı izləyən, onu incələyən və dəyərləndirən düşüncə sahibiydi.

Elmanın klassik irsə, Türk dünyası ədəbiyyatına və çağdaş ədəbi proseslərə münasibəti poe-analitik yanaşma örnəyi kimi təqdim oluna bilər.”

Şairin həyatında dönüş nöqtəsi olmuş ağır avtomobil qəzasının nəticələri xatırladan natiq, 90-cı illərdə baş vermiş həmin hadisənin onun fiziki imkanlarını məhdudlaşdırsa da, ruhi gücünü daha da dərinləşdirdiyini söyləyib:

“Biz ona təsəlli verməyə gedirdik, amma qayıdanda görürdük, əslində o özü bizə təsəllə verib…

O, ümid gözləyən yox, ümid verən qələm adamı idi.”

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Aydın Hüseynov Elman Tovuzun ictimai xadim kimi roluna xüsusi diqqət çəkərək onun həyatını mənəvi dayanıqlıq və vətəndaşlıq örnəyi kimi dəyərləndirib. Aydın Hüseynov belə şəxsiyyətlərin yalnız ədəbiyyata deyil, bütövlükdə cəmiyyətə məxsus olduğunu deyib: “Onun doğulduğu torpağa bağlılığı, milli köklərə sədaqəti yaradıcılığında aydın şəkildə əks olunur.”

Milli Məclis üzvü şairin həyat yolunun yaradıcı gənc nəsil üçün sənətə və vətənə bağlılıq, eləcə də iradə örnəyi ola biləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən digər yazıçı, şair, jurnalist və alimlər, şairin dostları, doğmaları – AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Mikayıl Bozal, professor Nazim İmamverdiyev, Mübariz Məsumoğlu, Zirəddin Qafarlı, Ağacəfər Həsənli, Ehtiram İlham, Mənsur Həsənzadə, Zakir Mirzə, Polad İbrahimoğlu, Gülnarə İsrafil və Əli Niyazbəyli Elman Tovuzun yaradıcılığını müxtəlif aspektlərdən dəyərləndirib. 

Onun səmimi poetik üslubuna, xalq ruhuna bağlılığına və sözə sədaqətinə xüsusi diqqət edilib, şeirlərindən örnəklər səsləndirilib.

Habelə Elman Tovuz yaradıcılığına həsr olunmuş sanballı məqalələrdən, o cümlədən mərhum Millət vəkili Qənirə Paşayevanın “Çiçək kimi kövrək, qaya kimi sərt” adlı yazısından da bəhs edilib.

Aşıqların ifası milli musiqi və söz ənənəsinin sintezini təqdim edərək mərasimə emosional və etnokulturoloji dərinlik qatıb. Elməddin Məmmədli, Roman Azaflı və gənc aşıq Cavid İlyaslı Elman Tovuzun sözlərini oxuyaraq, ruhuna şadlıq diləyiblər.

Sonda ailə üzvlərinin adından şairin qardaşı Nəriman Şəmşədoğlu çıxış edərək tədbirə təşrif buyuranlara, təşkilatçılara və çıxış edənlərə təşəkkürünü bildirib.