Anomal payız: İsti havalar qışın sərt keçəcəyindən xəbər verir

Noyabr ayı sona yaxınlaşır. Amma hələ də göydən bir damcı su yerə düşməyib. Belə quraq, isti noyabr təəcüb doğurur. Oktyabr ayında da hava yağıntılı olmadı. Builki payız həm paytaxt, həm də regionlarda əhaliyə əsl yaz havası yaşatdı. Bunu ETSN Milli Hidrometeorologiya Xidmətinin noyabr ayına olan hava məlumatına əsasən də görmık olur. Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox, aylıq yağıntının miqdarı da əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaqdı. Hava şəraitinin əksər rayonlarda da əsasən yağmursuz keçəcəyi bildirilridi. Bakıda orta aylıq temperatur gecə 11-13 dərəcə isti, gündüzlər isə bəzi günlərdə 18, hətgta 23 dərəcəyə də çatırdı və hələ də isti hava üstünlük təşkil edir.   

Payızın isti keçməsi, yağıntıların, demək olar, düşməməsi nəyin əlamətidir? El arasında buna “payız quraq keçdisə, qışdan özünü gözlə”, deyirlər. Bəs ekoloqlar hansı fikirdədir? 

 Meteoroloq, Lənkəran Dövlət Universitetinin baş müəllimi Cavidan Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, ölkə ərazisində uzun müddətdir davam edən isti hava şəraiti qlobal iqlim dəyişmələrinin təsiridir: 

- Qlobal isitləşmə ilə bağlı isti hava dalğaları çoxalıb, quraqlıq da artıb. Yağıntılar qısa müddətdə, amma leysan xarakterli olur. Qərb axınının çox aktiv olması şimaldan soyuq hava kütlələrinin gəlməsinin qarşısını alır. Bu səbəbdən noyabr ayında adət etdiyimiz soyuq, küləkli, yağışlı hava müşahidə etmirik. Hava quraqdır. Hazırda Sibir antisiklonunun cənub-qərb periferiyası müşahidə edilir, ona görə də, fikir verirsinizsə, hava dumanlıdır. Bu cür isti, quraq payız 2002-ci ildə müşahidə edilib. Havanın temperaturu həmin il də 17 dərəcəyədək yüksəlmişdi. Ondan sonra isə qış çox sərt gəlib. Bu cür vəziyyət qışın sərt keçəcəyini deməyə əsas verir. Quraq hava şəraiti, yağıntıların az düşməsi, məlumdur ki, kənd təsərrüfatı üçün mənfi haldır, çaylarda sululuğun azalmasına da səbəb olur.

Ekoloq Ənvər Əliyev isə Sherg.az-a açıqlamasında bildirdi ki, əvvəlki illərdə də payızın çox isti keçməsi, temperaturun iqlim normasından yüksək olması halları müşahidə edilib:

 - Gənclik illərimizdə bəzən biz noyabr ayında çimərliyə də gedirdik. Amma adətən belə isti payızdan sonra qış sərt gəlir.