Ərazidən istehsal müddəti başa çatmış su borusu keçir
“Lazımi işlər aparılmasa, gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yenə real olacaq”
Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı hazırda ərazidə araşdırma və monitorinq aparılır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev bildirib. Ə.Əliyev qeyd edib ki, mütəxəssislər hadisə yerindədir və sürüşmənin səbəbləri araşdırılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda isə qeyd olunur ki, Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsinə səbəb olan ərazidə suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
Baş vermiş hadisə ilə bağlı açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib ki, sürüşmə zamanı xəsarət alan olmayıb: “Bildiyiniz kimi, Bakının Xətai rayonunda abadlıq işləri davam edir. Burada vaxtilə 4 hektar olan Heydər Əliyev parkının sahəsi 14 hektara çatdırılıb. Ona yaxın ərazinin hamısı da abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Tərəfimizdən həmin ərazilərə qulluq göstərilməsi üçün su xətləri çəkilib”, - o bildirib. O qeyd edib ki, nisbətən böyük olan su xəttində sızma baş verib: “Sızma nəticəsində su müəyyən hissəyə yayıldığı üçün, torpaq yumşaq olduğundan sürüşmə müşahidə edilib. Dərhal xətt bərpa olunub və vəziyyət nəzarətə götürülüb. Digər aidiyyəti qurumlara da bu barədə məlumat verilib. Bu il icra hakimiyyəti və rayon qurumları tərəfindən ərazidə bərpa işləri aparılıb. Qeyd edilməlidir ki, bu zona sürüşmə zonası deyil. Sadəcə, sızma nəticəsində lokal çökmə baş verib. Heç bir təhlükəli proses yoxdur”, - o qeyd edib.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov APA-ya açıqlamasında bildirib ki, bu ərazidə təcili hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın: "Hazırda qaldığımız ərazi aktiv sürüşmə sahəsidir. Bu, Əhmədli yaşayış ərazisinin cənub-cənub şərqə baxan yamaclarıdır. Tədricən Bakı anfiteatrının aşağı hissələrinə meyillənir. Bugünkü sürüşmə lokal sürüşmədir, səthdə baş verir. Belə sürüşmələr olur, bunlar eroziya tipli sürüşmələrdir. Bu, adətən insanların aktiv təsiri ilə baş verir. Amma yamacın təşkil etdiyi süxurlar onu göstərir ki, burada kifayət qədər sürüşməyə meyilli ərazi var. Buna görə burada sürüşmənin baş verməsi təbiidir”.
O bildirib ki, yamaca sürüşməyə kifayət qədər meyilli sahədir: "Belə ərazidə torpaq sürüşməsi 40–50 sm-lik sürüşmə bilavasitə suvarma suları ilə bağlıdır. Suvarmanın təsiri ilə bu sürüşmə baş verib. Bu yamacda bəzi daş hissələrdə çökmələr görürəm. Onlar aktiv süxurlar olduğunu göstərir. Bu, daha böyük sürüşmənin xəbərçisi ola bilər. Ona görə də təcili bu yamacda hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın”. Şöbə müdiri onu da qeyd edib ki, davamlı ağac əkmək və yamacın yuxarı hissəsində asfalt yolun olması atmosfer su mübadiləsinin tamamilə kəsilməsinə və yamacın əlavə rütubət almasına səbəb olur. Bu da sürüşmə üçün təhlükəlidir.
Ekoloq Ənvər Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, Xətai rayonu Əhmədli qəsəbəsində baş verən sürüşmə texniki səbəblərdən baş verib:

- Həmin ərazidə istehsal müddəti başa çatmış su borusu keçir. Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntıları səbəbindən torpağın pillənkənvari (amfiteatr forması) hissəsində sürüşmə əmələ gəlib. Ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb. Orada tez bir zamanda, təcili olaraq su təsərrüfatı sistemi yenilənməlidir, köhnə, istifadə müddəti bitmiş, eroziyaya uğramış borular müasir borularla əvəzlənməlidir. Köhnə borularda sınıq yerlər, çatlar yaranır, su da sızır. Getdikcə torpaq qatını yumşaldır, sürüşmə təhlükəsi yaranır. Lazımi işlər aparılmasa, gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yenə real olacaq. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar etmişik. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər.