İstanbul Valiliyi axşam saatları üçün leysan yağış və fırtına ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, 12:00–18:00 saatlarında fasilələrlə leysan, 18:00–19:00 aralığında isə şimşəkli leysan gözlənilir. Küləyin sürətinin 90 km/saat-a çatacağı proqnozlaşdırılır.
Sherg.az xəbər verir ki, Valilik şəhər üzrə axşam saatlarında gözlənilən leysan və fırtına səbəbindən yarana biləcək mənfi hallara qarşı vətəndaşları xəbərdar edib.
Qeyd olunub ki, külək cənub-qərbdən (lodos) güclü və fırtına şəklində (50-75 km/saat), bəzi yerlərdə isə çox güclü fırtına (80-90 km/saat) kimi əsəcək. Açıqlamada ağac və dirəklərin aşması, dam örtüklərinin uçması, soba və təbii qaz mənbəli baca qazı zəhərlənməsi riski, eləcə də nəqliyyatda fasilələr kimi təhlükələrə qarşı diqqətli və ehtiyatlı olunması tövsiyə edilib.
İstanbulun şimal rayonlarından olan Arnavutköydə gözlənilən yağış artıq başlayıb. Rayonda yağış və zəif külək təsirini göstərir, zaman-zaman küləyin gücləndiyi müşahidə olunur.
Yağışla əlaqədar sürücülər sürətlərini azaldıb, vətəndaşlar isə özlərini qorumağa çalışıblar.
Meteorologiya rəsmiləri yaxın saatlarda küləyin daha da güclənə biləcəyini, yüksək ərazilərdə isə yağışın yer yer sulu qar və qar şəklində yağacağını bildirərək, xüsusilə nəqliyyatda yarana biləcək problemlərə qarşı diqqətli olmağın vacibliyini vurğulayıblar.
Digər tərəfdən, əlverişsiz hava şəraiti səbəbindən bu gün keçiriləcək “Fənərbaxça" – "Qalatasaray” derbisinin başlama saatı fırtına xəbərdarlıqları nəzərə alınaraq daha erkən vaxta dəyişdirilib.