İstanbulda quraqlıq davam edir. Şəhərin su anbarlarında (bəndlərdə) su səviyyəsi 17 faizə qədər düşüb. Mütəxəssislər isə yağışların anbarları yetərincə doldurmamasının səbəblərini açıqlayıb.
Sherg.az xəbər verir ki, İstanbulun su anbarları həyəcan siqnalı verir.
Artan əhali, şüursuz su istehlakı, nasaz kranlar, üstü örtülərək bağlanan dərələr və qlobal istiləşmə kimi bir çox səbəbdən iri şəhərlərdə su qıtlığı getdikcə daha çox gündəmə gəlir.
İstanbulda İSKİ-nin məlumatlarına görə, su anbarlarının ümumi doluluq səviyyəsi 17 faizə qədər enib.
İstanbulun əvvəlki illərlə müqayisədə kifayət qədər yağıntı almamasının səbəbi, artan əhali ilə yanaşı təbii qaz istifadəsinə bağlı istilik adaları ilə izah olunur.
Mütəxəssislər bildirirlər ki, yağış buludları şəhərin üzərinə gəldikdə istilik adaları səbəbindən dağılır. Həmçinin şəhərdə xırda görünən bir çox amilin quraqlığı təşviq etdiyi vurğulanır.
Nasaz krandlar, lavaboda normadan artıq su sərfi, avtomobil yuyulması kimi hallar illik orta hesabla böyük su itkilərinə səbəb olur.
Dəniz suyunun təmizlənməsi və gümüş yodid ilə buludların toxumlanaraq yağışın artırılması prioritet həll yolları arasında göstərilir.
İstanbul Ətraf Mühit Şurasının baş katibi Zafer Murat Çetintaş şəhərin su problemi ilə bağlı dəyərləndirmə aparıb.
“İstanbulda anbarların 100 faiz dolu olması cəmi 5-6 ay kifayət edir. İstanbulda su problemi heç vaxt bitməyib, amma bunun həll yolları da var”, -deyən Çetintaş əlavə edib:
“Biz hər an susuzluqla üz-üzə qalma həddindəyik.”
Çetintaş qeyd edib ki, keçmişdə İstanbulda 123 dərə var idi, lakin onların bir hissəsi bağlanaraq yox edilib:
“Yağış sularının 70 faizi adətən dənizlərə axır, halbuki əvvəl anbarlara gedirdi. İstanbulda təxminən 4,5 milyon bina var. İş yerlərini və sənaye zonalarını da əlavə etdikdə bu rəqəm daha da artır.”
“İstanbulda təxminən 4,5 milyon mənzil və iş yerinin hamısının eyni anda təbii qaz yandırdığını düşünsək, biz şəhərin havasını qızdırırıq”, -deyə Çetintaş bildirib və yağış buludlarının yağmasına mane olunduğunu vurğulayıb.
Yağış buludlarının şəhərə yaxınlaşdıqda dağıldığını, istilik buxarının buludları yox etdiyini deyən Çetintaş əlavə edib:
“İstilik adası səbəbindən yağıntı buludları dağılır. İSKİ-nin buludları toxumlayaraq yağış yağdırması lazımdır. Gümüş yodid ilə bulud toxumlama aparılmalıdır. Yağışın anbarları doldurması üçün 28 gün fasiləsiz yağması gərəkir. 10 gün davamlı və güclü qar yağışı isə anbarların dolmasına kömək edir.”
Su qıtlığının İstanbul üçün mənfi gələcək vəd etdiyini bildirən Çetintaş sözlərini belə davam etdirib:
“Dünyada 125 şəhərdə dəniz suyu təmizlənərək istifadə olunur. İstanbulda dəniz suyunun təmizlənməsi üçün ən uyğun yerlər Papuçdere və Kazandere anbarlarıdır. Burada qurulacaq dəniz suyu təmizləmə qurğusu ilə İstanbulun su problemi həll oluna bilər. Çünki Qara dənizin duzluluq dərəcəsi mində beşdir və bu, onun asan təmizlənməsinə imkan verir. Bu, bizim ən əsas həll yollarımızdan biri olmalıdır. İSKİ "krand bizdən" kampaniyasına başlayaraq nasaz kranların təmirini təmin edən layihə həyata keçirməlidir. Tualetlərdə sifon çəkilərkən daha az su istifadə etmək üçün çənlərin içinə iki litrlik su şüşəsi qoyulmalıdır.”