Rövşən Abbasov: "Xəzər dənizinin suyu və çirkab sularının təkrar istifadəsi gələcək üçün perspektivdir"
“Çirkab sularının təmizlənərək istifadəsi Azərbaycanda su təminatını gücləndirəcək”
Azərbaycanın şirin su ehtiyatları 25 faiz azalıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 1980-ci illərdən bu günədək Xəzər dənizinin səviyyəsi təxminən iki metr enib, Kür çayının sularında isə analoji həcmdə azalma müşahidə olunub: “Bu faktlar regionda iqlim dəyişikliyinin açıq göstəricisi kimi dəyərləndirilir. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilərin həcmi hələ də yüksək olaraq qalır. Bununla yanaşı, əhalinin yalnız üçdə biri müasir tullantı sularının təmizlənməsi xidmətlərinə çıxış imkanına malikdir”. COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış zamanı bildirib ki, ötən il Azərbaycanda baş verən təbii fəlakətlər ölkə iqtisadiyyatına ciddi maddi zərər vurub. O qeyd edib ki, iqlimlə bağlı çağırışların həllində maliyyə amili əsas rol oynayır: “Ağıllı şəhər konsepsiyası təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına imkan verdiyindən, ölkədə ağıllı şəhər və kəndlərin sayının artırılması vacib hesab olunur. COP29-un nəticələrinə uyğun olaraq, 2030-cu ilə qədər ənənəvi enerji resurslarının istifadəsinin azaldılması nəzərdə tutulur və Azərbaycan bu istiqamətdə zəruri addımlar atır”.
Ekoloq-hidroloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda iqlim dəyişmələrinin təsiri gündən-günə artır və əlbəttə ki, bu özünü su ehtiyatlarının azalmasında da göstərir:

- Ölkəmizin su ehtiyatlarının son illərdə 20 faizə qədər azaldığı hesablanıb artıq. Təsirin daha da artacağı, su ehtiyatlarınınsa daha da azalacağı gözlənilir. Bu isə bizə gələcəkdə ənənəvi su ehtiyatlarından istifadənin məhdud olacağını göstərir. Problemin həlli üçün nə etmək lazımdır? Təbii ki, alternativ su mənbələrindən istifadə etmək gərəkdir. Xəzər dənizi suyunun, mineral qrunt sularının duzlaşdırılması, eləcə də çirkab sularının təkrar istifadəsini nəzərdə tuturuq. Bunun üçün bizim geniş imkanlarımız var. Xüsusilə Abşeronun 825 kilometr sahil zonasında Xəzər dənizinin suyunun duzlaşdırılaraq istifadəyə yararlı hala gətirilməsi çox böyük perspektiv vəd edə bilər. Eləcə də kollektorlar vasitəsilə Xəzər dənizinə axıdılan çirkab sularının təmizlənməsi imkanları vardır. Qeyd edim ki, çirkab sularından təkrar istifadə təcrübəsi var, dünyanın bir çox ölkələrində bu təcrübə geniş yayılıb. Yaponiya, ABŞ, Fransa, Almaniyada çirkab suları təmizlənərək yenidən istifadə olunur. Təkcə Bakı şəhərində çirkab sularının ümumi miqdarı saniyədə 15-20 kub.metrə yaxındır ki, bu sular təmizlənərsə, yenidən istənilən məqsəd üçün istifadə oluna bilər. Bu cür yanaşmalar suya çıxış imkanlarının artmasını təmin edəcək, obyektlərdən daha az miqdarda suyun götürülməsinə şərait yaradacaq.