Yaponiyada ayılara qarşı “hürən dron” dövrü

Gifu prefekturası ayı təhlükəsinə qarşı texnologiyaya müraciət edib 

 Yaponiyada rekord həddə çatan ayı hücumlarının qarşısını almaq məqsədilə hürmə və fişəng səsi çıxaran dronlardan istifadə olunmağa başlanılıb.

Sherg.az xəbər verir ki, ölkədə ayı hücumları nəticəsində ölənlərin sayı bu il rekord göstərərək ən azı 13-ə çatıb. Bunun ardınca Gifu prefekturası ayı təhlükəsinə qarşı texnologiyaya müraciət edib. 

Dronların əsasən ayı nəcislərinin və ayıların yediyi meyvələrin tapıldığı sahələr üzərində uçurulduğu bildirilib.

Gifu valisi Yoşihide Esaki ötən ay verdiyi açıqlamada ayı hücumları ilə mübarizə üçün proaktiv addımlar atacaqlarını vurğulayaraq, “Beləliklə bölgə sakinləri özlərini daha təhlükəsiz hiss edə biləcəklər”, - deyə qeyd etmişdi.

Yaponiya hökuməti artmaqda olan ayı hücumlarının qarşısını almaq üçün 31 oktyabrda yeni lisenziyalı ovçuların işə cəlb edilməsinin planlaşdırıldığını açıqlamışdı. Hökumət riskli bölgələrə Özünümüdafiə Qüvvələrinin (SDF) personalını göndərmiş və polisə ayılara qarşı silah tətbiq etmək səlahiyyəti vermişdi.

Yaponiya Baş naziri Takaiçi Sanae də 13 noyabrda verdiyi açıqlamada yerli özünüidarəetmə orqanlarına ayı ovçularının əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi də daxil olmaqla yardımın genişləndiriləcəyini bildirmişdi.