Qurban Qurbanovun yanlış taktiki seçimi baha başa gəldi - EKSPERT

"Qarabağ"ın məğlubiyyətinə don geyindirmək istəyənlər var"

“Məsələn, Tahir Gözəl komanda qalib gələndə onu “Avropa nəhəngi”, məğlub olduqda isə azbüdcəli klub kimi qələmə verir. “Yaxşı oynadı, güclü idi” deməklə məsələ bitmir. Mən bunu qəbul etmirəm"

Fevralın 18-i "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Tarixində ilk dəfə bu mərhələdə mübarizə aparan Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ını Bakıda qəbul edib. Matç rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. "Nyukasl"ın heyətində Entoni Qordon 4 qol vuraraq pokerə imza atıb. “Qarabağ”ın “Nyukasl”a 1:6 hesabı ilə məğlubiyyəti təkcə hesab fərqi ilə izah olunmur. Bu nəticə meydanda güc balansının, oyun tempi və taktiki uyğunlaşmanın ciddi şəkildə pozulduğunu göstərdi. İngiltərə təmsilçisinin yüksək pressinqi, sürətli keçidləri və fiziki üstünlüyü fonunda “Qarabağ”ın müdafiədə mövqe səhvləri və mərkəz xəttində boşluqlar xüsusilə nəzərə çarpdı.

Ekspertlərə görə, əsas sual budur: bu məğlubiyyət fərdi səhvlərin nəticəsidir, yoxsa rəqibin oyun modelinə adekvat cavab tapılmamasının? Komandanın oyun planında hansı strateji boşluqlar var idi və heyət seçimi nəticəyə nə dərəcədə təsir göstərdi? Bu məqamlar geniş təhlil tələb edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

İdman Eksperti Ağa Dadaşzadə Sherg.az-a bildirib ki, “Nyukasl” çox güclü futbol oynadı:

“Bunu qiymətləndirməliyik. Çünki biz artıq 12 ildən çoxdur Avropa arenasındayıq və belə templə oynayan rəqib nadir hallarda görmüşük. İkinci məsələ isə Qurban Qurbanovun yanlış taktiki seçimidir. Beşli müdafiə ilə başlamaq lazım idi. Bədaviyə verilən şansdan sonra oyun başqa axara düşdü, komanda başqa ritmdə davam etdi. Belə rəqibə qarşı açıq oyuna girmək çox çətindir. Əgər Qurban Qurbanov ikinci hissədəki taktiki düzəlişi oyunun əvvəlindən tətbiq etsəydi, bəlkə də qarşılaşma başqa cür inkişaf edərdi”.

Ekspert qeyd edib ki, məğlubiyyətə don geyindirmək istəyənlər var:

“Məsələn, Tahir Gözəl komanda qalib gələndə onu “Avropa nəhəngi”, məğlub olduqda isə azbüdcəli klub kimi qələmə verir. “Yaxşı oynadı, güclü idi” deməklə məsələ bitmir. Mən bunu qəbul etmirəm. Ardıcıl məğlubiyyətlər var: doğma meydanda “Kəpəz”ə 2:0, ardınca “Şamaxı”ya uduzmaq və indi 6:1 hesablı məğlubiyyət. Bu təsadüfdürmü? Quba stadionunda oynayan komandanın faciəsi deyil bu. Daxili araşdırma aparılmalıdır, səbəblər konkret şəkildə müəyyənləşdirilməlidir. Müəyyən məqamları təxmin etmək olar. Məsələn, beşli müdafiə seçimi daha məqsədəuyğun idi. Amma bütün bunlar sistemli şəkildə təhlil olunmalıdır. Axı söhbət Avropada “Benfika”nı, “Ayntraxt”ı, “Kopenhagen”i məğlub edən, “Çelsi” ilə bərabərə qalan komandadan gedir. Belə komandanın 6:1 hesabı ilə uduzması suallar doğurur. Hər halda, “Nyukasl” “Çelsi”nin yarısı deyil, reallığı qəbul etmək lazımdır. Ümid edək ki, gələcəkdə komanda nəticə çıxaracaq. Qarşıdakı oyunlar yenə də maraqlı olacaq. Amma hesab edirəm ki, bu məğlubiyyət ciddi siqnal kimi dəyərləndirilməlidir”.