Amma hazırda bu çempionatı ən pis və ya ən siyasi dünya kuboku adlandırmaq düzgün deyil
2026-cı il Dünya Çempionatı həm meydandakı mübarizə, həm təşkilati məsələləri, həm də ətrafında yaranan müzakirələrlə diqqət mərkəzindədir. Turnirin gedişində siyasi amillərin rolu, təşkilatçılıqla bağlı çatışmazlıqlar və komandaların çıxışları geniş müzakirə olunur. Xüsusilə bəzi nəticələr və gözlənilməz məğlubiyyətlər futbol ictimaiyyətində müxtəlif suallar doğurub. Bütün bunlar dünya çempionatına həm siyasi, həm də idman prizmasından yanaşmağı zəruri edir.
İdman şərhçisi Kənan Məstəliyev Sherg.az-a bir neçə gün əvvəl başlayan Dünya Çempionatından, problemlərdən və Türkiyənin iştirakından danışıb:

"2026-cı ik futbol üzrə Dünya çempionatının çox böyük siyasi müdaxilələrin təsiri altında qaldığını düşünmürəm. Siyasi müdaxilələrlə ölkənin qanunlarını, hər hansı yarışa ev sahibliyi edən ölkənin daxili qayda-qanunlarını səhv salmaq olmaz. Bunlar ayrı-ayrı məsələlərdir. Amerika Birləşmiş Ştatlarında qanunlar, qanunlara riayət məsələsi fərqlidir. Onlar bəzən normadan artıq sərtdirlər, hətta absurd dərəcədə sərt, yersiz qərarlar qəbul edirlər. Buna görə də təbii ki, xoşagəlməz hallar olur. Futbol mütəxəssisləri bilirlər ki, bundan da ağır siyasi müdaxilələr olub və özü də bu, meydanda baş verib. Məsələn ev sahibi komandalara meydanda dəstək göstərilib, onların uğur qazanmasına, hətta çempion olmasına kömək edilib".
İdman şərhçisi çempionatdakı problemlər haqqında fikirlərini bölüşüb:
"Bu dəfəki çempionatda təşkilatçılıq baxımından problemlər var. Bu, FİFA-nın üzərinə düşür. Onlar bu məsələləri həll etməlidirlər. Amma vəziyyət o qədər də pis deyil. Stadionlar da gözəldir. Bir problem var ki, biletlərin qiymətləri yersiz dərəcədə bahadır. Ona görə də bəzi stadionlarda boş yerlər görünür. Problemlər və çətinliklər mövcuddur. Amma hazırda bu çempionatı ən pis və ya ən siyasi dünya kuboku adlandırmaq düzgün deyil".
Şərhçi vurğulayıb ki, Türkiyə çox yaxşı futbolçulardan ibarət heyətə malikdir:
Türkiyənin kollektivi güclüdür. Amma Avstraliyaya yuxarıdan aşağı baxdılar, onu ciddi rəqib hesab etmədilər və ciddi hazırlaşmadılar. Elə bildilər ki, yarım güclə qələbə qazana biləcəklər. Amma bu, dünya çempionatıdır. Burada istənilən rəqib, kim olursa-olsun, istənilən anda ən yaxşını da məğlub edə bilər. Ona görə də hər bir rəqibə ciddi yanaşmaq lazımdır. Bu isə Türkiyə futbolunun, millisinin çoxdankı xasiyyətidir. Yenə də rəqibi düzgün qiymətləndirmədilər və səhvə yol verdilər. Sırf buna görə uduzdular. Oyun keyfiyyəti baxımından isə, təbii ki, rəqibindən üstün idilər. Amma nəticə artıq ortadadır. İndi digər qarşılaşmalarda maksimum xal toplayaraq növbəti mərhələyə çıxmaq lazımdır".