Şahin Diniyev hesab edir ki, sabah “Qarabağ” üçün tarixi gecədir, nəticə İngiltərədə həll olunacaq
Sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”la “Nyukasl” arasında qarşılaşma keçiriləcək. Bu matç Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır və həm yerli, həm də xarici azarkeşlər tərəfindən böyük maraqla gözlənilir. “Qarabağ” FK hazırda çempionatda və Avropa turnirlərində mübarizə aparır, amma heyətdə fiziki yorğunluq və rotasiya problemləri mövcuddur. Digər tərəfdən, ““Nyukasl” da öz gücünü göstərmək istəyir, lakin İngiltərə liqasının sıx cədvəli komandaya fiziki və taktiki sınaqlar gətirib. Azarkeşləri həyəcan dolu oyun və gözlənilməz anlar gözləyir, nəticənin isə yəqin ki, son dəqiqələrdə müəyyənləşəcəyi proqnozlaşdırılır.
Futbol mütəxəssisi Şahin Diniyev Sherg.az-a deyib ki, “Qarabağ” üçün play-off-u keçmək və ilk onaltılığa düşmək baxımından tarixi bir oyun olacaq: 
“Şərtlər eynidir, yəni komandaların gücü əllinin-əlliyə faizlərlə əks olunur. Həmçinin iki komanda da hazırda optimal formada deyil və müəyyən problemlərlə üzləşir. “Qarabağ”da əsas məsələ fiziki hazırlıqla bağlıdır. Yəni heyəti rotasiya etmək çətinliyi var. Həm ölkə çempionatı, həm Kubok, həm də Çempionlar Liqasında mübarizə aparmaq futbolçuların yorğunluğunu artırır. Son oyunlar da göstərir ki, “Qarabağ” hələ tam pik formasında deyil və fiziki cəhətdən yorğunluq var. ““Nyukasl” da isə fiziki problem yoxdur, amma ümumiyyətlə komanda oyun strukturunda çətinliklərlə üzləşir. Futbolçuların və məşqçilərin planları istədikləri kimi alınmır. Çempionatda və Çempionlar Liqasında qarışıq vəziyyət davam edir, bu da komandanın nəticələrinə təsir edir. Əlavə olaraq, bu oyunlar fiziki və taktiki baxımdan komandanın zəif tərəflərini ortaya çıxarır. Amma unutmayaq ki, Çempionlar Liqası iki oyunlu sistemlə keçirilir. Hər iki komanda toparlana və yaxşı oyun göstərə bilər. "Qarabağ"a uğurlar arzulayıram. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Nəticə isə yəqin ki, Bakıda yox, İngiltərədə həll olunacaq”.