"1993-cü il iyunun 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək ölkənin idarəçiliyini öz üzərinə götürüb. 1997-ci ildə isə Milli Məclis bu tarixi günü rəsmi bayram – Milli Qurtuluş Günü elan edib".
Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a açıqlamasında deyib. Deputat qeyd edib ki, Heydər Əliyev 1987-ci ildə sovet iqtidarından ayrılandan sonra Azərbaycanda vəziyyət sürətlə pisləşib. Ermənistan silahlı qüvvələrinin Qarabağda işğalçılıq siyasəti genişlənib, AXC-Müsavat iqtidarının səriştəsizliyi isə ölkəni dərin böhrana sürükləyib: 
"1993-cü ilə qədər dövlət əmlakı açıq-aşkar talan edilirdi, qanunsuz silahlı dəstələr ölkənin müxtəlif bölgələrini idarəsizliyə sürükləyirdi, Kəlbəcər işğal edilmişdi, Vətəndaş müharibəsi təhlükəsi real idi. Ölkə beynəlxalq təcrid vəziyyətinə düşmüşdü.
Prezident ölkədəki real vəziyyətdən bixəbər, hakimiyyət daxilindəki qruplaşmalar isə birincilik uğrunda bir-birinə qarşı mübarizə aparırdı. Azərbaycan dövlət kimi məhv olmaq təhlükəsinin astanasında dayanıb.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. O, yalnız hakimiyyət kürsüsünə oturmadı – həyatını təhlükəyə qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını alıb.
İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev tarix qarşısındakı məsuliyyətini tam dərk edərək dedi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm"".
Hakimiyyətə qayıdandan sonra Ulu Öndərin bir sıra tarixi addımlar atdığını xatırladan deputat bildirib ki, asayiş bərqərar edilib, soyğunçuluğa və əmlak qəsbləriyə son qoyulub:
"Nizami ordu yaradılıb, Qarabağ müharibəsində atəşkəs əldə edilib. Məhz həmin dövrdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoyub, yeni Konstitusiya qəbul edilib, çoxpartiyalı siyasi sistem formalaşıb və ölkənin beynəlxalq inteqrasiyası sürətlənib.
Vətəndaşlara öz dövlətinə inam qaytarılıb. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. O, Şuşa, Laçın, Ağdam, Kəlbəcər haqqında deyirdi: "Biz onlarsız yaşaya bilmərik."
Bu arzu 2020-ci il Vətən müharibəsindəki möhtəşəm Zəfərlə gerçəkləşdi. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirib. Bu gün üçrəngli Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə əzəmətlə dalğalanır.
Milli Qurtuluş Günü təkcə tarixi bir tarix deyil, bu, xalqın öz xilaskarını tapdığı, dövlətin yenidən qurulduğu, müstəqilliyin möhkəmləndirildiyi simvolik bir dönüş nöqtəsidir. Prezident İlham Əliyevin dediyi kimi:
"Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi."
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, onun işığında irəliyə doğru inamla addımlayır".