İranın siyasi elitası demək olar məhv edilib
Qabil Hüseynli: “Trampın gözü İranın neft və qazındadır”
İran, İsrail və ABŞ arasında fevralın 28-dən etibarən başlayan müharibə gərgin müstəvidə davam edir. ABŞ və İsrailin birgə hərbi zərbələri nəticəsində, İranın 18 əsas aviabazasından 10-u tamamilə sıradan çıxarılıb. İran hökuməti iqtisadi-hərbi cəhətdən ciddi sarsıntılar yaşayır.
ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə İranın danışıqlara maraqlı olduğunu desə də, ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai atəşkəs üzrə vasitəçilik səylərinin müzakirə edilməsini yersiz adlandırıb. Bu mövqe Tehran rəhbərliyinin, diplomatik kompromisə meyilli olmadığını ortaya qoyur. Müharibənin davam etdiyi dövrdə, devrilmiş şahın oğlu Rza Pəhləvi yenidən siyasi səhnədə fəallaşmağa başlayıb. O, vətəndaşları aksiyalar vasitəsilə, həmrəylik nümayiş etdirməyə səsləyib. Rza Pəhləvi hüquq-mühafizə orqanlarına da müraciət edərək, onları repressiv siyasətdən uzaqlaşaraq, xalqın tərəfinə keçməyə çağırıb. O, bunun İran xalqı üçün “son fürsət” olduğunu qeyd edib.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, Rza Pəhləvi İsrail və Amerikaya nökərçilik eləyir:
“İranın fars mənşəli xalqı Rza Pəhləviyə etimad göstərsə də, 42 milyonluq azərbaycan xalqı, Pəhləvi sülaləsinə nifrət edir. Onların şah rejiminə qəzəbini, “Azərbaycan şərəfdir, şah rejimi bişərəfdir” şüarlarından da görmək olar. Ona görə də Rza Pəhləvi hakimiyyət arzusuna qapılmamalıdır. Onun bir ayağı İsraildə digər ayağı isə Amerikadadır. İran xalqı ölkədə amansız idarəçilik sistemi qurmuş şah rejiminin, yenidən bərpa edilməsinə razı olmaz”.
Politoloqun sözlərinə görə, tarix boyu, şah rejimi ABŞ və İngiltərənin nökəri kimi hərəkət edib:
“1880-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə, Cənubi Azərbaycanda baş qaldıran milli oyanış hərəkatını, ingilislərin dəstəyi ilə qılınc gücünə yatırdılar. Hərəkatın üzvləri qanına qəltan edildi. Sağ qalanlar isə Araz çayını keçib, Şimali Azərbaycana getdilər. Şah rejimi imperialist qüvvələrin dəstəyi, dəfələrlə Güney azərbaycanlıların milli mübarizə əzmini sındırmağa çalışıb. 1945-ci ildə Məhəmməd Ələsgər Pişəvərinin rəhbərliyi ilə Təbrizdə “Cənubi Azərbaycan Demokratik Respublikası” quruldu. Qısa müddət ərzində respublika öz hakimiyyətini Cənubi Azərbaycanın bir çox vilayətlərinə yaymağa nail oldu. İngilislərin dəstəyinə söykənən, Pəhləvilər, demokratik respublikanı da qan içində boğdular”.
Q. Hüseynli qeyd edib ki, İran, ABŞ və İsrail arasında davam edən münaqişə son fazaya yaxınlaşır:
“İranın iri sənaye şəhərləri və silah arsenalı, sıradan çıxarılıb. Ölkənin siyasi elitası demək olar ki, məhv edilib. Bütün bunlara tab gətirə bilməyən İran, sonda danışıqlar masasına oturmağa məcbur qalacaq. İranın yeni ali dini lideri də ölkəni xilas edə bilməyəcək. Xamneinin oğlundan nə gözləmək olar? Bioloji əlamətər üzrə, hakimiyyətin ötürülməsi qəbuledilməzdir. Hakimiyyətin mənbəyi xalq olmalı, rəhbəri də onlar seçməlidir. Möctəba xalq tərəfindən seçilmiyib. Helə onun dədəsi də bu cür seçilmişdi. İranda hazırki sistem, “Müvəqqəti hökümət” funksiyasına əsaslanır. Əgər prezident və ali rəhbər, ümumxalq səsverməsi yolu ilə seçilmirsə, həmin hakimiyyət legitim hesab oluna bilməz”.
Politoloqun sözlərinə görə, İsrailin müdafiə naziri, Möctəbanın aradan götürülməsi üçün orduya əmr verib:
“O, sonda ya atası kimi raket yağışında boğulacaq, ya da Səddam Hüseyn kimi asılacaq. İranda rejim dəyişikliyi olsa, demokratik seçki prinsiplərinə əsaslanan, keçid höküməti qurula bilər. Çox güman ki, bu hökümətin rəhbəri indiki prezident Məsud Pezeşkian təyin ediləcək. Amma Amerikaya da bel bağlamaq olmaz. ABŞ prezidenti Donald Trampı ağıllı adam hesab eləmirəm. İrandakı etirazlarda xalqa yardım göstərəcəyini bildirən Tramp, indi isə gözlərini Tehranın neft və qazına dikib”.
Q.Hüseyinli bildirib ki, Amerika rejimi devirmək üçün quru əməliyyatlarına başlamağı da gözə alıb:
“Lakin ABŞ lideri Donld Tramp quru qoşunlarını İrana yeritməkdə tərəddüd edir. Çünki canlı qüvvə itirmək onun, senat və demokratlar arasındakı imicinə ciddi zərbə vura bilər. Helə ki, müharibə, hava məkanı üzərindən İranın bombalanması istiqamətində davam edəcək. Əgər gözlənilən nəticə əldə olunmazsa, ABŞ və İsrail quru qoşunlarını işə salmağa məcbur qalacaq. Müasir texnalogiyalarla silahlanan ABŞ və İsrail ordusu İranı mühasirəyə almaqla sonunu gətirəcəklər. Qaçmağa macalı olanlar Bəşər Əsəd kimi başqa ölkələrə sığınacaq, günahkarların sonu isə Səddam Hüseyn kimi olacaq”.