Azərbaycanın qələbəsi xalqın İlham Əliyevə verdiyi tam kart balansı ilə mümkün oldu
Müasir beynəlxalq münasibətlər sistemində münaqişə və müharibələr artıq lokal xarakterdən çıxaraq qlobal sabitliyi və təhlükəsizliyi ciddi şəkildə təhdid edən əsas faktora çevrilib. Dünyanın müxtəlif bölgələrində davam edən silahlı qarşıdurmalar göstərir ki, müasir müharibələr nəinki uzunmüddətli xarakter daşıyır, eyni zamanda ağır humanitar, iqtisadi və siyasi nəticələr doğurur.
Xüsusilə, 4 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi minlərlə insanın həyatına son qoyub, iri şəhərlərin və infrastrukturun dağıdılmasına səbəb olub və qlobal iqtisadi sistemdə dərin çatlar yaradıb. Müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağı isə hələ də qeyri-müəyyən olaraq qalır.
Digər tərəfdən, qısa müddətdə yekunlaşacağı ehtimal edilən İran ilə Amerika Birləşmiş Ştatları –İsrail cütlüyü arasındakı qarşıdurmanın uzanması da müasir münaqişələrin mürəkkəb və çoxşaxəli mahiyyətini bir daha nümayiş etdirir. Doğrudur, hazırda tərəflər arasında 14 günlük atəşkəs əldə olunub. Amma bu münaqişənin yenidən baş qaldıra biləcəyi və uzunmüddətli davam etmə ehtimalı beynəlxalq ictimaiyyəti narahat edir. Bu qarşıdurma təkcə tərəf dövlətlərə deyil, bütövlükdə dünya iqtisadiyyatına mənfi təsir göstərir, enerji bazarlarında dalğalanmalara və ümumi qeyri-sabitliyə yol açır.
Bütün bu mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan cəmi 44 gün ərzində Ermənistan üzərində mütləq qələbə qazanaraq yeni bir reallıq yaradıb, fərqli bir tarix yazdı. Otuz ilə yaxın müddət ərzində torpaqlarının beşdə birindən artığı işğal altında saxlanılan, bir milyondan çox vətəndaşı öz doğma yurdundan didərgin düşən bu xalq, nəhayət, 2020-ci ilin payızında alnına yazılan bu ləkəni təmizlədi. 44 gün ərzində Ermənistanı kapitulyasiyaya məcbur edən Azərbaycan müasir dövrdə nadir rast gəlinən “mütləq qələbə” nümunəsi ortaya qoydu. Bu uğur təkcə hərbi üstünlük deyil, eyni zamanda strateji planlaşdırmanın, düzgün siyasi kursun və milli birliyin nəticəsi kimi dəyərləndirilir. Daha sonra 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə nəticələndi və əvvəlki qələbənin məntiqi davamı kimi qiymətləndirildi. Bu proseslər bir daha göstərdi ki, müasir müharibələrdə uğurun əldə olunması yalnız hərbi güclə deyil, həm də siyasi iradə, diplomatik çeviklik və operativ qərarvermə ilə birbaşa bağlıdır. Bu kontekstdə Azərbaycan əsgərinin qəhrəmanlığı və rəşadəti ilə yanaşı, ölkənin ali siyasi rəhbərliyinin rolu xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, prinsipial siyasəti və strateji baxışı Azərbaycanın qələbəsini şərtləndirən əsas amillərdən biri kimi ön plana çıxır. Dövlət başçısının müxtəlif çıxışlarında səsləndirdiyi fikirlər də öz növbəsində bu qələbənin ideoloji və siyasi əsasını təşkil edir.
Bir sözlə, dünyada uzanan və qeyri-müəyyən nəticələrlə müşayiət olunan münaqişələr fonunda Azərbaycanın təcrübəsi həm hərbi, həm də siyasi baxımdan effektiv model kimi çıxış edir və müasir münaqişələrin həlli yolları ilə bağlı mühüm nəticələr çıxarmağa imkan yaradır.
Tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a bildirib ki, Azərbaycanın milli maraqlarını uca tutaraq münaqişənin həllini hərb, diplomatiya və informasiya müstəvisi üzrə eyni anda apardı. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan üzərində qələbəsini şərtləndirən ən ciddi və başlıca faktor Azərbaycan xalqının Prezident İlham Əliyevə verdiyi tam kart balanş idi: “Heç kim və heç bir halda Ali Baş Komandanın 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə keçirən 23 saatlıq antiterror əməliyyatında qəbul etdiyi qərarları mübahisələndirmədi. Xalqın İlham Əliyevdən bircə tələbi var idi - DAYANMA! Bu məsələnin bir tərəfi. O ki, qaldı ümumilikdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinə bu münaqişə 30 ildən artıq davam etdi. Burada diqqət yetirməli olduğumuz maraqlı nüanslar var. Bütün münaqişələrin özünəməxsus mərhələləri olduğu kimi, nəzəri baxımdan bütün münaqişələr 4 mərhələyə bölünür.
1. Münaqişənin yaranması
2. Münaqişənin özəlləşməsi
3. Münaqişədən doğan münaqişə
4. Sülhdən doğan münaqişə
44 günlük müharibə məhz sülhdən doğan münaqişə mərhələsi idi. Buna görə də mən hər zaman bu hərbi əməliyyatları “Sülhə məcburetmə” əməliyyatları kimi təqdim olunmasının tərəfdarı olmuşam. Bu gün arıq Azərbaycanın davamı siyasəti nəticəsində sülhdən doğan münaqişə mərhələsi də arxada qalmaqdadır. Ermənistan konstitusiyanı dəyişəcəyi və iddialardan birdəfəlik əl çəkəcəyi təqdirdə sülh axır ki, bərqərar olacaq”.