ABŞ İranı vuracaq? - “Müharibə yenidən başlaya bilər”

ABŞ və İsrailin atəşkəsin qüvvəyə minməsindən sonra İranla bağlı ən intensiv hərbi hazırlıqları gördüyü iddia olunur.

Sherg.az xəbər verir ki, Amerika mətbuatının məlumatına görə, Vaşinqton və Təl-Əviv mümkün bir əməliyyat üçün planlaşdırma prosesini sürətləndirib. “New York Times” yazır ki, ABŞ Prezidenti Donald Trampın müşavirləri artıq müxtəlif hərbi ssenarilər üzərində işləyir, lakin hələlik yekun qərar verilməyib.

Məlumata əsasən, ABŞ və İsrail tərəfi İranın nüvə proqramına qarşı daha sərt addımların atılması ehtimalını nəzərdən keçirir. Seçimlər arasında İranın hərbi və infrastruktur hədəflərinə hava zərbələri, eləcə də yeraltı nüvə obyektlərinə qarşı xüsusi əməliyyatlar da var.

Bəzi məlumatlara görə, mümkün əməliyyatın məqsədi İranın İsfahandakı nüvə obyektlərinə çatmaq ola bilər. Bu variantın isə yüksək itki riski daşıdığı bildirilir.

İran tərəfi isə hərbi həllin mümkün olmadığını bəyan edərək istənilən hücuma hazır olduğunu açıqlayıb. ABŞ və İsrailin yaxın günlərdə atacağı addımlar regionda gərginliyin yenidən artmasına səbəb ola bilər.