"Dünya düzəni "güclü haqlıdır" prinsipi ilə idarə olunur”
İran, İsrail və ABŞ arasındakı müharibə hər keçən gün daha da şiddətlənir. Yaxın Şərq regionu artıq təhlükəli böhranla üz-üzə dayandıb. İran yeni növ silahlardan istifadə etməklə İsrail şəhərlərinə genişmiqyaslı raket hücumu həyata keçirir.
ABŞ prezidenti Donald Tramp qələbəyə yaxın olduqlarını desə də, İsrail Müdafiə Qüvvələrinin generalı Efi Defrin açıqlaması, müharibənin uzun çəkəcəyindən xəbər verir. Generalın sözlərinə görə, İrana aid minlərlə hədəf hələ də qalmaqdadır. İranın xarici işlər naziri Abbas Əraqçi isə dəymiş ziyana görə təzminat ödənilməsi və yenidən İrana hücum edilməcəyinə dair təminat verilməsi qarşılığında müharibəni dayandıracaqlarını açıqlayıb. Hörmüz boğazında da vəziyyət xeyli gərginləşib. Tramp, bir sıra ölkələrin Hörmüz boğazına hərbi gəmilər göndərmək istədiklərini bildirib. Abbas Əraqçi isə hazırda ABŞ-nin Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün Çindən yardım istədiyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a bildirib ki, ABŞ və İsrailin başlıca məqsədi İranda hakimiyyəti devirməkdir:
“Hakimiyyət dəyişikliyi isə yalnız İranın işğal edilməsindən sonra gerçəkləşə bilər. Bu isə beynəlxalq hüquqa ziddir. BMT nizamnaməsinin 51-ci maddəsinə görə, İranın özünümüdafiə eləməyə haqqı var. ABŞ İranı öz nəzarətinə alaraq, onu Çin, Rusiya və Türkiyə qarşısında strateji üstünlük üçün istifadə etməyə çalışır. Rusiya və Çin yaxşı başa düşür ki, ABŞ-nin İranı işğal etməsi neft tədarükünü dayandırmaqla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlamasının qarşısını alacaq. Çünki Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə İran üzərindən Hind okeanına çıxış əldə edir. Rəsmi Vaşinqtonun strateji məqsədinə əsasən Rusiya dünya siyasi xəritəsindən təcrid edilməlidir. ABŞ İranı NATO-ya daxil etməklə, Rusiyanın cənub cinahında “NATO bloku”nu gücləndirə bilər. Ona görə də Rusiya İrana müxtəlif sahələrdə dəstək verməyə davam edəcək. ABŞ İsraillə birləşərək İrana hücumlar təşkil etməsi, insanlıq əleyhinə cinayətdir. ABŞ lideri Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu buna görə məsuliyyət daşımalıdırlar”.
Politoloq bildirib ki, beynəlxalq normaların tələblərinə uyğun olaraq ABŞ və İsrail, İrana vurduqları ziyana görə təzminat ödəməlidir:
“Təssüflər olsun ki, beynəlxalq hüquq işlək vəziyyətdə deyil. Bu gün dünya ölkələrinin düzəni, “güclü haqlıdır” siyasəti üzərində qurulub. ABŞ, uranın zənginləşdirilməsini əsas gətirərək, İrana hücum etdi. Lakin dəfələrlə İran rəsmiləri, nüvə proqramının dinc məqsədlər üçün istifadə olunduğunu bildiriblər. Əgər uranın zəngiləşdirilməsi təhlükəlidirsə, niyə ABŞ və İsraildə mövcuddur? Vaşinqton İranda rejimi dəyişmək üçün müxtəlif bəhanələrə sığınır. Bu, ABŞ-nin xarici siyasət diskursunun əsasını təşkil edir. Xatırlayırsınızsa, İraqın təbii sərvətlərinin arzusunda olan ABŞ, kütləvi qırğın silahlarını bəhanə edərək, ölkəni işğal etdi. İraq prezidenti Səddam Hüseyni asaraq, yarım milyondan artıq insanın qətlinə səbəb oldular. Sonda İraqın kütləvi silahlarının olmadığı ortaya çıxşdı. ABŞ yol verdiyi səhvə görə məsuliyyət daşımadı. Eləcə də Venesuela prezidenti Maduronun narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu bəhanə edərək, ölkənin neft resurslarına çökdülər. İran da bu cür bəhanələrlə ikinci dəfə hücuma məruz qaldı”.
A.Məsiyevin sözlərinə görə, “yalan üzərindən həqiqət yaratmaq” ABŞ administrasiyası üçün adi hala çevrilib:
“İran İslam Respublikası xalqın iradəsinə əsasən qurulub. Rejim Amerikanın xoşuna gəlsə də gəlməsə də bu, belədir. Xalq tərəfindən seçilən dövlət başçılarının sifarişlə öldürülməsi birbaşa “terror aktı” sayılır. Vaşinqton dünya səhnəsində yaranan xaosdan istifadə edərək, öz maraqlarını güdür. ABŞ strategiyasına görə “Amerikan imperatorluğu”na təhlükə yaradan bütün amillər aradan qaldırılmalıdır. İran siyasi sistemi də, bu strategiyanın əsas tərkib hissəsidir. “ABŞ imperatorluğu” üçün üç əsas təhlükə mənbəyi var. Bunlara, hərbi gücü ilə Rusiya, iqtisadi potensialına görə Çin, maliyyə baxımdan Avropanın pul vahidi avro daxildir. Çünki ABŞ-nin milli valyutası olan dolların dəyər itirməsi, onların maraqlarına uyğun deyil. Digər tərəfdən isə Çini iqtisadi cəhətdən zəifləmək üçün enerji mənbələrini kəsmək lazımdır. Çünki İran neftinin 80 faizini Çinə satır. Ona görə də bu ölkələrə zərbə vurmaq üçün İranın işğalı vacib sayılır”.