ABŞ və İsrailin İrana hücumu Rusiya-Ukrayna müharibəsini kölgədə qoydu - TƏHLİL

Sanksiyaların yumşaldılması Ukraynanın müdafiə imkanlarını zəiflədə bilər

Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında artan gərginlik dünya gündəmini dəyişərək Ukrayna müharibəsini arxa plana atıb. Geosiyasi boşluqdan istifadə edən Rusiya, Ukraynanın ektrik şəbəkələri və enerji istehsalı obyektlərinə hücumları intensivləşdirib. Vəziyyət o qədər kritikdir ki, Kiyev sakinləri gün ərzində təxminən 2 saatlıq elektrik enerjisi ilə təmin olunur. Mövcud şəraitlə əlaqədər, Ukrayna prezidenti Volodimir Zelenski, Avropa İttifaqı ilə ABŞ-ni Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb. Lakin Hörmüz boğazında yaranan çətinlik, Avropa ölkələrini Rusiyanın enerji reruslarına yenidən maraq göstərməsinə səbəb olub. Ukraynanın vəziyyətini daha da dərinləşdirən amillərdən biri də ABŞ-nin Rusiyaya aprelin 12-dək neft məhsullarının tədarükü və satışına icazə verməsidir. ABŞ-nin qərarı Avropa İttifaqının sərt reaksiyasına tuş gəlib. Təşkilatın sədri Antonio Koşta Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, Avropanın təhlükəsizliyi üçün arzuolunmaz nəticələr doğuracağını bildirib. Ukraynanın gözdən çıxarıldığını anlayan Aİ, ABŞ-ni diqqətini yenidən Ukrayna münaqişəsinə yönəltməyə çağırıb. Almaniyanın “Berliner Zeitung” nəşri isə Yaxın Şərqdəki gərgin hadisələrin, Zelenskinin vəziyyətini çətinləşdirdiyini qeyd edib.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının Rusiya-Ukrayna müharibəsinə təsiri reallıqdır:

“Əvvəla ona görə ki, ABŞ-nin diqqətinin Yaxın Şərqdə İran faktoruna yönəlməsi, eləcə də Qərbin bu müharibədən iqtisadi cəhətdən təsirlənməsi, Ukrayna məsələsində qərar qəbul edənlərin prioritetlərini dəyişir. Bu, həm silah tədarükü, həm də diplomatik dəstək baxımından Kiyev üçün müəyyən çətinliklər yaradacaq. ABŞ-nin Rusiyanın neft satışına qoyulan qadağaları yumşaltması, o cümlədən bəzi Avropa ölkələrinin Hörmüz boğazındakı vəziyyətə görə, Moskvaya qarşı sanksiyaların azaldılması ilə bağlı çağırışları Rusiyanın güclənməsinə müsbət təsir göstərsə də, Ukraynanın müdafiə imkanlarını sual altına salır. Çünki sanksiyaların yumşaldılması, Rusiyanın maliyyə və enerji resurslarını artıraraq, hərbi əməliyyatlarda üstünlüyünü gücləndirir”. 

Politoloqun sözlərinə görə, Rusiyanın mövqeyinin möhkəmlənməsi müharibənin uzanmasına səbəb olacaq:

“Ukraynanın ABŞ və müttəfiqlərdən aldığı hərbi yardımların azalması və gecikməsi, həm taktiki, həm də strateji baxımdan Kiyevə mənfi təsir göstərir. Digər tərəfdən isə sanksiyaların yumşaldılması və diqqətin İrana fokuslanması silah tədarükünün etibarlılığını zədələyir. Bu da müharibə meydanında, Ukraynanın döyüş qabiliyyətini aşağı salır. Ukraynanın mövqeyinin zəifləməsi ölkə rəhbərliyinin daxili siyasətdəki nüfuzuna da ciddi zərbə vuracaq. Xüsusilə, Tramp və digər ABŞ siyasətçilərinin sərt bəyanatlarında bunu görəcəyik. Lakin Ukraynaya dəstək məsələsində vəziyyət hələ ki, kritik səviyyədə deyil. Qərb alyansı daxilində koordinasiyanın davam etdiyi müşahidə olunur. Düşünürəm ki, Rusiyanın hərbi əməliyyat imkanları genişlənsə də, uzunmüddətli perspektivdə Kiyevə dəstək davam etdiriləcək”.