Ağ Ev, İlon MAskın "SpaceX" şirkəti də daxil olmaqla, Amerika kosmik şirkətlərinə gələn həftə Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Parisdə keçiriləcək kosmik sammitdə iştirak etməməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qəzetin məlumatına görə, Ağ Ev nümayəndəsi "SpaceX", "Stoke Space", "K2 Space" və "Astra" şirkətlərinin nümayəndələri ilə qapalı telefon danışığı aparıb. Amerika şirkətlərinə iki günlük tədbirdə iştiraklarının "Aİ-nin mövqeyinə gizli dəstək" kimi qəbul edilə biləcəyi barədə xəbərdarlıq edilib.
Rəsmi şəxs son qərarı şirkətlərin özləri verəcəyini vurğulasa da, əslində getməməyin daha yaxşı olduğunu açıq şəkildə bildirib. Ağ Ev nümayəndəsi həmçinin Fransanın tədbiri ABŞ ilə əlaqələndirmədiyini qeyd edib və Parisi "rəqabət əleyhinə təcrübələrdə" günahlandırıb.
Bundan əlavə, Amerika tərəfi sammit proqramından narazılığını bildirərək, müzakirələrin ABŞ-nin mövqeyinin tam təqdimatına imkan vermədiyini və Amerika kosmik sektorunun rolunu azalda biləcəyini iddia etdi.
Ağ Ev hələ ki, "Politico"nun məqaləsinə münasibət bildirməyib.
Fransanın Ali Təhsil Texnologiyaları, Tədqiqat və Kosmos naziri Filip Baptiste bu şayiələrin həqiqiliyinə əmin olmadığını bildirib və Amerika tərəfini tədbirdə iştirak etməyə dəvət edib.
Batiste özünün "X" səhifəsində yazıb: "Aydınlaşdırmaq istəyirəm ki, biz yalnız ABŞ-ni gözləmirik, həm də həqiqətən sizin burada olmağınızı istəyirik".
Onun sözlərinə görə, Fransa Amerika şirkətlərini, alimləri, NASA, NOAA və ABŞ administrasiyasının nümayəndələrini qəbul etməyə hazırdır. Nazir həmçinin əlavə edib ki, Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin direktoru Maykl Kratsiosla sıx əlaqədədir.