Sarkisyan-Koçaryan tandeminə qarşı strateji gediş mümkündür, İrəvanda kartlar yenidən qarışır
Ermənistanda parlament seçkilərindən öncə, Baş nazir Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın boşanma qərarı ciddi müzakirə obyektinə çevrilib. A.Akopyanın kirayə mənzilə köçəcəyi və qızıllarını hökumətə təslim edəcəyi ilə bağlı açıqlaması da diqqət mərkəzindədir. Paşinyan, paylaşımında həyat yoldaşının qərarına hörmətlə yanaşdığını bildirərək, son 30 il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür edib. Cütlüyün boşanmasına dair bir sıra fərziyələr var. Çoxusu bu qərarın “siyasi oyun” olduğunu bildirir.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a Akopyanla Paşinyanın ayrılmasının səbəblərini iki senari üzərində şərh edib.
“Anna Ermənistan ictimaiyyətində xeyriyyəçi xanım kimi məşhurlaşıb. Paşinyana qarşı aqressiv mövqedə olan Sarkisyan və Koçaryan tərəfdarları və rusmeyilli qüvvələr Annanın xeyriyyəçilik fəaliyyətlərində qanunsuzluq olduğunu iddia edilər. Bunu ölkənin birinci xanımının fəaliyyəti kontekstində ciddi nöqsan kimi görürlər. Akopyan, Paşinyanla ayrılma qərarından sonra əldə etdiyi hədiyyələri və şəxsi sərvətini Ermənistanın dövlət büdcəsinə qaytarmaqla özünün şəffaf və təmiz olduğunu nümayiş etdirir. O, bu addımı ilə korrupsiya və rüşvət kimi məsələlərə bulaşmadığını ortaya qoymaq istəyir. Akopyan bir növ, Paşinyanın növbəti seçkidə qələbə qazanması üçün "təmizlənmə kompaniyası" həyata keçirir”.
Politoloqun sözlərinə görə, ikinci bir senari kimi, Akopyan Paşinyana rəqib fraksiyanın tərəfdarı kimi ortaya çıxa bilər:
“ikinci senari kimi Akopyan müstəqil namizəd olaraq partiya və ya fraksiya şəklində qərarsız seçicilərin səsini toplamağa çalışa bilər. Bunun əsas səbəbi onun xeyriyyəçi imici ilə bir çox qadının və Qarabağ ermənilərinin rəğbətini qazanmış olmasıdır. Bir sözlə, Annanın seçkilərdə ayrıca blok kimi iştirak etməsi istisna deyil. Belə bir strategiya ilə Akopyan müxalif qüvvələr və Paşinyan tərəfdarları xaricində, səsvermə hüququna malik qadınlar və sosial yardıma ehtiyacı olanların dəstəyini qazana bilər. Tarixdə buna bənzər nümunələr də var. Rusiyada 2018-ci ildə keçirilən prezident seçkilərində ölkə liderinə müxalif olan Kseniya Sobçakın fəaliyyəti, Akopyanın starategiyasına bənzəyir. Sobçak bloger kimi çəkdiyi bir sıra videolarla müxalif effekti yaradaraq, tərəfsiz seçicilərin səsini toplamağa qadir olmuşdu. Akopyan seçkilərdə iştirak etməsə belə, Paşinyana rəqib fraksiyanın tərəfdarı olduğunu nümayiş etdirərək, tərəfsiz seçicilərin səsini qazana bilər. Bu strategiyanı Sarkisyan və Koçaryan tandeminin qələbəsinin qarşısını almaq məqsədilə atılan siyasi addım kimi dəyərləndirmək olar”.